SAĞLAMLIĞIMIZ TƏHLÜKƏDƏ! Dönərxanalarda siçovullar gəzir.. EKSPERT Asim Vəliyev FİKİR BİLDİRDİ:

0 Shares

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonunda yerləşən “Zülfü Ustanın Dönəri” ictimai iaşə obyektin fəaliyyəti məhdudlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, fiziki şəxs Vəliyev Zülfü Rəşid oğluna məxsus “Zülfü Ustanın Dönəri” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb.

Dönərxanada bir sıra ciddi nöqsanlar aşkarlanıb, müxtəlif  həşəratlar və ev heyvanı (pişik) müşahidə edilib.

Təəssüflər olsun ki, belə hallarla tez-tez qarşılaşırıq. Xəbərdarlıqlar edilməsinə baxmayaraq, yenə də bəzi ictimai iaşə obyektlərində bu kimi vəziyyət müşahidə olunur.

Bəs bunun qarşısını necə almaq olar?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən qida eksperti Asim Vəliyev bildirib ki, dönərxanalarda antisanitar vəziyyətin qarşısını almaq üçün bir sıra tədbirlərin həyata keçirilməsi vacibdir. Bu tədbirlər həm dövlət orqanlarının nəzarətində, həm də sahibkarların öz məsuliyyətində olmalıdır.

A.Vəliyevin sözlərinə görə, Səhiyyə Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dönərxanalara daha ciddi və müntəzəm nəzarət həyata keçirilməlidir:

“İctimai iaşə obyektlərində mütəmadi yoxlamalar həyata keçirilməli, sanitar qaydaların vəziyyətinə diqqət edilməlidir. Sanitar qaydalara əməl etməyən dönərxanalar üçün daha sərt cəza tədbirləri tətbiq edilməlidir və bu cəzalara yüksək məbləğdə cərimələr, fəaliyyətin müvəqqəti dayandırılması və ya icazələrin ləğvi daxil ola bilər”.

Müsahibimiz qeyd edib ki, dönərxanalarda çalışan işçilər mütəmadi olaraq maarifləndirilməlidir. Bu, xüsusi təlimlər, kurslar və sertifikatlaşdırma vasitəsilə həyata keçirilə bilər. Həmçinin müştərilər üçün şəffaflıq təmin edilməlidir. Dönərxanaların sanitar vəziyyətini əks etdirən sertifikatlar və ya rəy lövhələri görünən yerlərdə asılmalıdır. Eyni zamanda ictimaiyyətin də şikayət və təkliflərini bildirməsi üçün xüsusi qaynar xətlərin mövcudluğu vacibdir.

A.Vəliyev onu da qeyd edib ki, dönərxanalar öz texniki təchizatlarını yeniləməli, təmizləmə prosedurlarına ciddi riayət etməli, soyuducu, əl yuma yerləri və digər gigiyena tələbləri müvafiq qaydalara uyğun olmalıdır:

“Bu tədbirlər həm qida təhlükəsizliyini, həm də vətəndaşların sağlamlığını qorumaqda faydalı ola bilər”.

~ Abbaszadə Fidan