Gəncə şəhərində peşəkar qənnadıçılığın inkişafı, regionlarda fəaliyyət göstərən mütəxəssislərin bir araya gətirilməsi və sahə üzrə təcrübə mübadiləsinin gücləndirilməsi məqsədilə görüş keçirilib.
Gəncə şəhərində Peşəkar Qənnadıçılar İctimai Birliyinə yeni üzvlərin qəbulu və peşəkar qənnadıçılar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə tədbir təşkil olunub. Görüşdə Gəncə şəhəri ilə yanaşı, müxtəlif bölgələrdən olan peşəkar və həvəskar qənnadıçılar iştirak ediblər.
Tədbirdə Peşəkar Qənnadıçılar İctimai Birliyinin sədri Eynur Nağdəliyev, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, ATS Food şirkətinin texnoloqu Xumar Məmmədova və Altınoğulları şirkətinin qida texnoloqu Emin Bədəlov iştirak ediblər.
Tədbir çərçivəsində iştirakçılarla qənnadıçılıq sahəsinin inkişaf perspektivləri, peşəkar mütəxəssislərin qarşılaşdığı məsələlər, təcrübə mübadiləsinin əhəmiyyəti və sahə üzrə yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün praktiki hissəsində iştirakçılar üçün kurabiyə master-klassı keçirilib. Master-klass zamanı kurabiyənin hazırlanma texnologiyası, məhsulların düzgün seçilməsi, hazırlanma prosesində texnoloji ardıcıllığın qorunması və keyfiyyət göstəricilərinə təsir edən əsas amillərlə bağlı praktiki məlumatlar təqdim olunub.
Çıxışlar zamanı peşəkar qənnadıçılığın yalnız məhsul hazırlanması ilə məhdudlaşmadığı, bu sahədə qida təhlükəsizliyi, düzgün texnologiyanın tətbiqi, xammalın keyfiyyəti və peşəkar standartların qorunmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Görüş qarşılıqlı təcrübə mübadiləsi, yeni peşəkar əlaqələrin qurulması və Azərbaycan qənnadıçılıq sektorunda əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli olub.
Tədbirin təşkilatçıları tərəfindən regionlarda fəaliyyət göstərən peşəkar qənnadıçılarla bu istiqamətdə görüşlərin və praktiki təlimlərin davam etdiriləcəyi bildirilib.











• Fidan Abbaszadə






