Türkiyənin Osmaniyə şəhərində 23–26 oktyabr 2026-cı il tarixlərində keçirilən Osmaniyə Fıstıq Festivalında Azərbaycanı təmsil edən Beynəlxalq Şeflər Liqasının (Chefs League International Association) nümayəndə heyəti üç nominasiya üzrə beş mükafat və iki təşəkkürnamə plaketi ilə təltif olunub.
Festival çərçivəsində WICS-in (İslam Ölkələri Kulinariya Cəmiyyətlərinin Dünya Platforması) Türkiyə üzrə prezidenti, eyni zamanda Adana Aşpazlar və Şirniyyatçılar Dərnəyinin (ADAPADER) İdarə Heyətinin sədri Ahmet Biralmışın təşkilatçılığı ilə mükafatlandırma mərasimi keçirilib.
Azərbaycan nümayəndələrinin uğurları
Beynəlxalq Şeflər Liqasının təsisçisi və beynəlxalq prezidenti Ali Magerro həm WICS, həm də Gastro Osmaniye tərəfindən “Yılın Sempatik Şefi” (İlin Sempatik Şefi) mükafatına layiq görülüb. Onun beynəlxalq qastronomiya sahəsində fəaliyyəti və müxtəlif ölkələrin aşpazları arasında əməkdaşlığın inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib.
Azərbaycandan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova da hər iki təşkilat tərəfindən “Yılın Uluslararası Sağlıklı Yaşam Uzmanı” (İlin Beynəlxalq Sağlam Həyat Mütəxəssisi) mükafatı ilə təltif olunub. Bu mükafatlar onun sağlam qidalanma, qida təhlükəsizliyi və sağlam həyat tərzinin təbliği istiqamətində fəaliyyətinə görə təqdim edilib.
Beynəlxalq Şeflər Liqasının Azərbaycan üzrə nümayəndəsi Royal Baxışov isə peşəkar kulinariya nailiyyətlərinə görə “Yılın Başarılı Şefi” (İlin Uğurlu Şefi) mükafatını qazanıb.
Komandanın digər üzvləri Ruslan Hüseynov və Elvin Cabbarlı festivalda fəal iştiraklarına və Azərbaycan milli mətbəxinin tanıdılmasına verdikləri töhfələrə görə təşəkkür sertifikatları ilə təltif olunublar.
Festivalın ən yaddaqalan hadisələrindən biri 650 nəfərlik Azərbaycan milli mətbəxinin incilərindən olan döşəmə plovunun hazırlanaraq iştirakçılara pulsuz təqdim edilməsi olub.
Bu təqdimat Azərbaycan milli mətbəxinin zəngin ənənələrini, aşpazlarımızın peşəkarlığını və komanda ruhunu nümayiş etdirib.










- Fidan Abbaszadə





