5–6 oktyabr 2026-cı il tarixlərində Türkiyənin Kırıkkale şəhərində Beynəlxalq Şeflər Liqasının rəhbər heyətinin iştirakı ilə beynəlxalq qastronomiya görüşləri keçiriləcək.
İki gün davam edəcək görüşlərin əsas məqsədi qastronomiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müxtəlif ölkələri təmsil edən peşəkar şeflər arasında əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması və gələcək birgə layihələrin müzakirəsidir.
“Ləzzət insanları birləşdirir” şüarı ilə keçiriləcək görüşlər çərçivəsində qastronomiyanın inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq imkanları, kulinariya mədəniyyətlərinin təbliği, peşəkar təcrübə mübadiləsi və qarşıdakı layihələr ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.
Tədbirdə Beynəlxalq Şeflər Liqasının rəhbərliyi, İdarə Heyətinin üzvləri və müxtəlif ölkələri təmsil edən peşəkar şeflər iştirak edəcəklər.
Görüşlərin iştirakçıları arasında Beynəlxalq Şeflər Liqasının prezidenti Ali Magerro, İdarə heyətinin üzvləri Məhsəti Hüseynova — Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Asim Vəliyev — Gənclərin Töhfəsi İctimai Birliyinin sədri, Eynur Nağdəliyev — Peşəkar Qənnadçılar İctimai Birliyinin rəhbəri, Amid Mirzəyev — şef, Ruslan Hüseynov — brend şef, Xaqani Məmmədov — “Ay İşığı” restoranlarının baş aşpazı, Rahib Məmmədov — Azərbaycan üzrə Sponsorluq, Reklam və Nəşrlər Direktoru, həmçinin Özgür Dönməz — Kırıkkale Pastacılar, Aşçılar və Kebapçılar Dərnəyinin sədri yer alırlar.
Görüşlərin mühüm istiqamətlərindən biri də iki təşkilat arasında rəsmi əməkdaşlığın gücləndirilməsi olacaq. Kırıkkale Pastacılar, Aşçılar və Kebapçılar Dərnəyi ilə Beynəlxalq Şeflər Liqası arasında tərəfdaşlıq və əməkdaşlıq protokolunun imzalanması nəzərdə tutulur. Protokolun gələcək birgə layihələrin, qastronomiya tədbirlərinin, peşəkar mübadilə proqramlarının və beynəlxalq əməkdaşlığın inkişafına xidmət etməsi planlaşdırılır.
Kırıkkaledə keçiriləcək görüşlər çərçivəsində iştirakçıların qastronomiya sahəsində mövcud təcrübələrini bölüşməsi, peşəkar əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq səviyyədə yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi planlaşdırılır.
Görüşlər zamanı həmçinin gələcək beynəlxalq festival və çempionatların təşkili, müxtəlif ölkələrin kulinariya mədəniyyətlərinin tanıdılması, sponsorluq və reklam əməkdaşlıqları, nəşr layihələri və Beynəlxalq Şeflər Liqasının gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılacaq.
Beynəlxalq Şeflər Liqası müxtəlif ölkələrdən olan şefləri və qastronomiya sahəsinin peşəkarlarını bir araya gətirərək kulinariya mədəniyyətləri arasında əlaqələrin gücləndirilməsinə, peşəkar əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinə və beynəlxalq qastronomiya platformalarının formalaşdırılmasına töhfə verməyi qarşısına məqsəd qoyur.
Kırıkkale görüşləri də bu istiqamətdə yeni əməkdaşlıqların qurulması, mövcud əlaqələrin möhkəmləndirilməsi və gələcək beynəlxalq layihələrin müzakirəsi baxımından əhəmiyyət daşıyır.
• Fidan Abbaszadə






