“Qarpız yay mövsümünün ən sevilən meyvələrindən biridir. Bir çox hallarda qarpızın mövsümü girmədən bazarlarımızda satışa çıxarıldığının şahidi oluruq”.
Bunu “Sherg.az”a qida mütəxəssisi Asim Vəliyev qarpız alarkən diqqət etməli olduğumuz məqamlardan danışarkən bildirib. Ekspertin sözlərinə görə, mövsümündə yetişməyən qarpızlar çox vaxt aqrokimyəvi dərmanlarla yetişdirilir, bu zaman həm zəhərlənməyə, həm də bir sıra sağlamlıq problemlərinə gətirib çıxara bilər:
“Qarpızın iyul ayının sonlarından etibarən yeyilməsi daha məqsəduyğun olardı. Həmçinin onu aldıqdan sonra evdə kəsmədən əvvəl ilıq su ilə yumaq və bıçağı təmizləmək yaxşı olardı. Çünki qarpızın üzərində olan mikroorqanizmlərin bıçaq vasitəsilə qarpızın içərisinə daxil olma ehtimalı var. Həmçinin yaxşı olardı ki, qarpızı kəsdirmədən alasınız. Qarpızı kəsdikdən sonra evə gətirənə və yeyənə qədər orda mikroorqanizmlər çoxalmağa başlayır. Sağlamlıq baxımından risk meydana çıxarır. Qarpızın 92%-i sudan, 6 %-i şəkərdən ibarətdir və yay ayında orqanizmin su ehtiyacının böyük hissəsini qarşılaya bilir. Qarpız seçərkən alt hissəsinin sarı olub-olmadığına diqqət etməliyik. Nə qədər çox sarıdırsa, o qədər yetişmiş və ləzzətlidir. Onun böyüklüyünə aldanmayaq. Ölçüsü böyük olmayan, amma ağırlığı olan qarpızları seçmək daha yaxşıdır. Qarpızın saplağı yaşıldırsa, demək vaxtından əvvəl yığılıb, quruyubsa, qarpızın yetişmiş və şirin olduğunu göstərir. Yetişmiş qarpızın qabığında çox əzik, çapıq və çat olmamalıdır. Həmçinin qarpız seçərkən onun çox günəş altında qalmamasına diqqət etməliyik. Zəhərlənmə hallarının qarşısını almaq üçün həm də onun kəsildikdən sonra qısa zamanda yeyilməsi lazımdır”.