Orqanizmin ikinci beyni hesab edilən bağırsaqlarımız: onun sağlamlığının qorunması üçün nələrə diqqət etməliyik?  – MÜSAHİBƏ

0 Shares

Qida eksperti Məhsəti Hüseynova bağırsaq sağlamlığı ilə bağlı E-saglam.az-a müsahibə verib. E-saglam.az həmin müsahibəni sizlərə təqdim edir: 

– Sağlam olmayan bağırsaqlar həyatımıza necə təsir göstərir?  

– Bağırsaqların sağlamlığı orqanizm üçün çox önəmlidir. Elə ona görə də, bağırsaqları orqanizmin ikinci beyni adlandırırlar. Əgər bağırsaqlar funksiyasını düzgün yerinə yetirmirsə, yaxud bağırsaq mikroflorası düzgün çalışmırsa, bu zaman birinci növbədə immun sistemi aşağı düşür. Eyni zamanda da müxtəlif xəstəliklərə yoluxma riski daha da artır. Həmçinin,bağırsaqların funksiyasını yerinə yetirməməsi səbəbindən davamlı olaraq baş ağrısı, ürəkbulanma, qarın ətrafında şişkinlik, ağrı, sancı şəklində spazmalar kimi simptomlar olur. Bu davamlı olaraq insanın gündəlik həyat fəaliyyətinə təsir edir. Funksiyalarını düzgün yerinə yetirməyən bağırsaq insanın gündəlik həyat fəaliyyətini aşağı salmaqla yanaşı, eyni zamanda ətrafdakı baş verən hadisələrə reaksiyasını və stress faktorunu daha da dəyişkən edir. 

– Çox adam qəbizlikdən şikayətlənir…

– Qəbizlik və ishalla bir-birini əvəz edən, dəyişən bağırsaq mikroflorası və funksiyasının pozulması insanlarda əhval-ruhiyyənin pozulmasına və mütamadi olaraq toksin maddələrin orqanizmdən xaric olmamasına gətirib çıxarır. Bu kimi halların olmaması və bağırsaqların yaxşı çalışması üçün birinci növbədə qidalanmamıza və həyat tərzimizə diqqət etməliyik. 

– Qidalanmamızda nələrə diqqət etməliyik? 

– Qidalanmada ən önəmli məsələlərdən biri lifli qidalardan çox istifadə edilməsidir.  Lifli qidalardan çox istifadə dedikdə, hər bir insan orqanizmi bədən çəkisinə görə, müəyyən miqdarda tərəvəz və meyvə qəbul etməlidir. Bunlar mütləq şəkildə yerli və mövsümi olmalıdır. Ən azı gün ərzində 4-5 tərəvəz, 2-3 meyvə qəbulu vacibdir. Bununla yanaşı, su çox vacib amillərdəndir. Su hər kiloqram bədən çəkisinə görə 30 ml hesablanaraq, gündəlik su miqdarı qəbul olunmalıdır. Bu hesablama normal çəkili insanlar üçün nəzərdə tutulub. Artıq çəkili insanlara şamil olunmur. Ümumi götürsək, gün ərzində 7-8 stəkan su qəbul olunmalıdır. 

– Bağırsaq sağlamlığı ilə bağlı problem yaşayan şəxslər hansı qidalara üstünlük versinlər? 

– Qidaların həm zülal dəyərinə, həm də karbohidrat dəyərinə və vitamin-mineral olaraq da tərəvəzlərə xüsusi diqqət etmək lazımdır. Paxlalı qidalara xüsusilə üstünlük verilməlidir. Çünki lifli qidalar sırasındadır və eyni zamanda vitamin və mineral balansını təmin edən qidalardan hesab olunur. 

– Yeməklə bərabər su içmək olarmı?  

– Yaxşı olar ki, yeməklə birlikdə su qəbulundan çəkinilsin. Yeməkdən yarım saat öncə 1 stəkan və yeməkdən bir saat yarım sonra 1 stəkan su qəbul edə bilərlər. Bu sağlamlıq və yeməklərin düzgün həzm olunması üçün çox önəmlidir. 

– Bəs səhər yeməyi nə zaman yeyilməlidir?  

– Səhər tezdən acqarına su içilməlidir. Su içdikdən yarım saat keçdikdən sonra səhər yeməyi yeyilməlidir.

– Çay içməyi sevən millətik. Sevdiyimiz çayın bağırsaqlarımıza təsiri necədir? 

– Gün ərzində su qəbul etmədən davamlı olaraq çay içmək də orqanizmdə qəbizliyə yol açır. Xüsusilə, kofe və qazlı içkilərdən istifadə edən insanlarda demək olar ki, bağırsağın funksiyasının pozulması halları daha tez baş verir.

– Bağırsaqlar üçün suyun faydalarından danışdıq, bəs qida necə?

– Gündəlik qəbul olunan qida miqdarı bağırsaqların fəaliyyəti üçün çox önəmlidir. Bir gün çox, bir gün az qida qəbul olunursa bu qəbizliyə yol açır. Və ona görə də, gündəlik qida qəbulunun miqdarı və zamanı eyni olmalıdır. 

– Gün ərzində neçə dəfə yemək daha sağlıqlı hesab olunur? 

– 20-25 yaşlı şəxslərdə gün ərzində üç dəfə, əgər dörd dəfə olacaqsa bu zaman porsiyaları azaltmaq lazımdır. 25-30 yaşdan sonra isə iki dəfə ana yemək və bir dəfə ara yemək kimi qəbul etmək olar. Qidanı qəbul edərkən, mütləq şəkildə çox çeynənilməlidir və yavaş-yavaş qəbul olunmalıdır. Birdən-birə, az çeynənilərək, tələsik qəbul olunan yeməklər orqanizmdə düzgün şəkildə həzm olunmadığına görə, bağırsaq problemlərinə yol açır.

– Gecə saatlarında qəbul edilən qidalar bağırsaqlara necə təsir göstərir?  

– Gec saatlarında, xüsusilə də axşam saat 8-dən sonra qəbul olunan qidalar bağırsaq sağlamlığının pozulmasında əsas amillərdən biridir. Yaxşı olar ki, gecə yeməklərindən çox istifadə edilməsin. 

– Qəbizlikdə idman hansı rola malikdir? 

– Əgər idmanla məşğul olunmursa, fiziki aktivliyi vərdiş halına gətirsinlər. Səhər 15 dəqiqə və gecə yatmazdan 1 saat öncə, 15 dəqiqə şəkildə müəyyən idman hərəkətləri edərək və gün ərzində yarım saat açıq havada yürüş etməklə həm daxili orqanların funksiyasının yaxşılaşması ilə yanaşı, orqanizmin oksigenlə təmin olunmasını təmin edir və bağırsaq sağlamlığında mühüm rol oynayır. Bunlara xüsusilə diqqət edilməlidir. 

– Yuxu rejimimiz bağırsaq sağlamlığımıza necə təsir göstərir? 

– Yuxu rejimi bağırsaqların funksiyasında əsas rol oynayır. Xüsusilə gecə saat 11-dən sonra yatılan yuxu orqanizm üçün sağlam yuxu hesab olunur. Bu da həm hormon balansının normada olmasına, həm də bağırsaqların fəaliyyətində çox böyük rola malikdir.

~ Abbaszadə Fidan