Min bir xəstəliyə səbəb olan ağ ölüm – ŞƏKƏR TOZU

0 Shares

Şəkər və şəkərli məhsullar insanların ən çox istifadə etdiyi qidalar sırasındadır. Mütəxəssislərin fikrincə, bu qidalar insan sağlamlığına ciddi təhlükə yaradır.

Bu halda şəkərdən ümumiyyətlə imtina etmək lazımdırmı? Şəkəri çox istifadə etməyin ziyanları nələrdir? Onu hansı məhsullarla əvəz etmək olar? Bəs şəkərli məhsullara meyil nədən qaynaqlanır?

Sadəcə 6 çay qaşığı

Endokrinoloq Lamiyə Nəbibəyli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, gün ərzində 6 çay qaşığı miqdarında şəkərdən istifadə etmək olar: “Sözügedən miqdardan artıq şəkərdən istifadə etmək düzgün deyil. Aparılan tədqiqatlar onu göstərir ki, şəkərdən istifadə ümumi olaraq orqanizm üçün xeyirlidir. Şəkərdən istifadə etdikdə bədəndə dopamin hormonu artır. Bu halda insan özünü sanki yaxşı hiss edir. Qadınların da şəkərdən daha çox istifadə etməsinə səbəb serotonin hormonuna bağlıdır. Dopamin və serotanin insanın neyromediatorlardır ki, bunlar daha çox xoşbəxtik hormonlarına aid edilir”.

L.Nəbibəylinin sözlərinə görə, şəkərin lazımi miqdardan çox istifadə olunması qaraciyərdə, əzələlərdə qlikogen kimi toplanmasına, hətta piy toxumasına çevrilərək orada yığılmasına səbəb olur: “Eyni zamanda şəkərin çox istifadəsi şəkərli diabetə, immun sisteminin zədələnməsinə, bədəndə göbələk varsa onun artmasına, ateroskleroza, infarkt və ya insult keçirmə riskini yüksəlməsinə, bağırsaqlardakı bəzi zərərli mikrofloraların artmasına və digər xəstəliklərə səbəb olur.

Halsızlıq, yorğunluq və baş ağrısının səbəbi…

Sadə və mürəkkəb şəkərlər mövcuddur. Sadə şəkərlər bir növ karbohidratdır. Karbohidratlar üç əsas makronutrientdən biridir. Sadə şəkərlər təbii olaraq meyvə və süddə olur yaxud onları şirinləşdirmək, xarab olmamaq, strukturu və toxumasını yaxşılaşdırmaq üçün kommersiya xarakterli istehsal oluna və qidalara əlavə edilə bilər. Mürəkkəb şəkərlər sanki insanın benzinidir. Onu qəbul edib insan yavaş-yavaş istifadə etməyə başlayır. Mürəkkəb şəkərlər sırasında paxlalılar, lobyalar, qarabaşaq, yarma və onun növləri, yulaf sıyığı digər müxtəlif qidalar var. Lakin bu qidalar istifadə olunduqdan sonra yavaş-yavaş həzm olunur, birbaşa qana keçərək şəkəri qaldırmır və piyə çevrilmir. Ona görə də ümumi qidalanmada sadə şəkərlərdən yox, mürəkkəb şəkərlərdən istifadə etmək insan orqanizmi, beyni, enerji balansı üçün vacibdir. Çünki qlükoza insanın enerji mənbəyidir. Qlükozanı insanlar istifadə etmədikdə halsızlıq, yorğunluq, baş ağrısı, baş gicəllənməsi, ümumi bədən zəifliyi yarana bilir. Ən təmiz balın tərkibi belə meyvə şəkəri, qlükoza və fruktozanın qarışığından ibarətdir. Balın orqanizmə güclü reginirasiyaedici və antitoksik hüceyrələr səviyyəsində təmizləmə xarakteri olduğuna görə az miqdarda istifadəsi məqsədəuyğundur. Lakin həddən artıq istifadə olunması piylənmə və digər xəstəliklərə səbəb ola bilər. Xüsusilə də diabet xəstələri bu məsələdə daha diqqətli olmalıdır”.

Qadınlar 20 qram, kişilər 35 qram

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova qeyd etdi ki, müasir dünyada şəkər 3 ağ zəhərdən biri hesab olunur: “Bunun əsas səbəblərindən biri şəkərin gündəlik istehlak edilən məhsullardan olduğu üçün daha çox müdaxilələrə məruz qalmasıdır. Belə ki, şəkərin ağardılmasında daha çox kimyəvi maddələrdən istifadə edilir. Eyni zamanda, gec əriməsi üçün də bəzi müdaxilələr olunur. Məhz belə şəkərlər insan orqanizminə böyük zərər vurur. Lakin müəyyən miqdarda istifadə olunan şəkərin heç bir ziyanı yoxdur. Gündəlik qida rasionunda qadınlar 20 qram, kişilər isə 35 qram şəkər qəbul etməsi normal hesab olunur. Bu da təxminən 100-150 kalori edir. Əlbəttə ki, şəkər təbii məhsullar vasitəsilə qəbul edilsə, daha çox faydaları olacaq. Təbii məhsullar deyərkən, mövsümi meyvələr və tərəvəzlər, paxlalılar, çərəzlər nəzərdə tutulur. O cümlədən süd və süd məhsullarının tərkibində də laktoza olaraq şəkərlər var. Bu kimi qidalar qəbul edilən zaman insanın qan şəkəri tənzimlənməsinə kömək edir, həzmi rahatlaşdırır, xərçəngin qarşısını alır, gözlərin sağlamlığı üçün faydalıdır, həzm sistemini möhkəmləndirir, beyin funksiyalarının və sinir sisteminin güclənməsinə yardım edir”.

Sayalı Abasova, “İki sahil”