0 Shares

Duz gündəlik ən çox istifadə etdiyimiz qidalar arasında ən vaciblərindən biridir. Lakin bir çoxları duzların keyfiyyətindən şikayətlənir. Bəzən xörəklərə normal miqdarda duz əlavə olunsa da sanki yeməyin dadında heç bir dəyişiklik olmur. Bu hal duzun keyfiyyətsiz olmasındanmı irəli gəlir?

Ümumiyyətlə, duzun keyfiyyətli olmasını müəyyənləşdirmək üçün hansı üsullardan istifadə etməliyik?

Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, 2001-ci ildə Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında Qanun qəbul olunsa da hazırda ölkənin duz bazarı çox təzadlı şəkildədir: “Qanunun 8.3 maddəsinə əsasən, yodlaşdırılmamış duzun qida və yem məqsədi ilə istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağandır. Lakin əmtəə bazarında 15%-ə qədər yodsuz duz var. Burada təzad ondan ibarətdir ki, ölkə bazarında 1 kiloqramı həm 20 manata, həm də 40 qəpiyə satılan duzlar mövcuddur. Bəli, burada insanlar aldadılır. Ölkəmizə bu gün müxtəlif adlar altında duzlar gətirilir. Əslində, bu duzların bir-birindən fərqi yoxdur. Onlar arasında ciddi fərq sadəcə üyüdülməsindədir. Çox kiçik üyüdülmüş, düm ağ olan ekstra duz ən yaxşı məhsul hesab olunur. Bu duz isə Qafqazda yalnız Azərbaycanda istehsal olunur. Eyni zamanda, Azərbaycan bir sıra ölkələrə, hətta Ukrayna kimi duz ölkəsinə belə bu məhsulu ixrac edir. Keyfiyyətli duz suda tam həll olmalıdır. Ölkədə satılan bəzi duzlar var ki, rəngi qaradır və onun içərisində duza çevrilməmiş qayalı daş duzun qalıqları mövcuddur. Belə duzlar istifadə edilərkən gərək ilk növbədə suda həll olunsun və çöküntüsü atılsın. Daha sonra təkcə su hissəsindən istifadə olunsun. Duzun ciddi problemlərindən biri onun tərkibində ağır metalların olması məsələsidir. Ekstra duzlarda isə bu problemlər olmur. Duzun duzluluq səviyyəsinin aşağı olması isə istehlakçının ağız dadı ilə bağlı məsələdir. Tərkibində 97-99% natrium-xlor olan duzlar hamısı, normal duzlardır və bu məhsulların paketlərinin üzərində də qeyd olunur. Azərbaycanda birmənalı şəkildə yodlu duz istehlak olunmalıdır. Çünki hələ də ölkədə yod çatışmazlığı mövcuddur. Lakin yodlu duzu isti xörəklərə bişirilən zaman əlavə edilməməlidir. Çünki bu zaman duzun yodu buxarlanır. Yodlu duz qapalı və qaranlıq yerdə saxlanılmalıdır. Ümumilikdə duzların saxlanılma müddəti 2 ildən artıq deyil”.

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə qeyd etdi ki, duz insan orqanizmi üçün çox faydalı elementlərdən hesab olunur: “Lakin mümkün qədər az miqdarda və keyfiyyətli duzdan istifadə etmək lazımdır. Duz məhsulları arasında yodlaşdırılmamış şəkildə satılan, hətta adi sanitar tələblərə belə cavab verməyənləri var. Bunlardan əlavə, duz məhsulları arasında xarici brendlərə təqlid olunmuş, yəni onların qablaşmasından, dizaynından istifadə edilmiş şəkildə satılanları da mövcuddur. Həmin duzlardan istifadə etmək isə insan orqanizmində bəzi problemlərə yol açır. Hətta bu məhsullar uşaqlar və yeniyetməlik dövründə olanların əqli və fiziki inkişafdan geri qalmasına, zob xəstəliyinin yaranmasına, cinsi zəifliyə, hamilə qadınlarda erkən doğuş kimi halların baş verməsinə səbəb olur. Ümumiyyətlə, 1 qram duzda 30-50 mikroqram yod olmalıdır və gündəlik hər bir insan orqanizmi üçün 6 qramdan artıq duz istifadə etmək tövsiyə olunmur. Bəzən bu miqdar qidaların, tərəvəzlərin, xüsusilə göyərtilərin tərkibində olur. Bu da insan orqanizmi üçün yetərli hesab olunur. İstehlak olunan duzun demək olar ki, 80%-dən çoxu artıq duz şəklində olan qidalardan qəbul edilir ki, bu zaman həmin duzun keyfiyyətli olmasına diqqət etmək lazımdır. Xüsusilə Naxçıvan və Himalay kimi qaya duzları xırdalanaraq istifadə edilərsə, daha keyfiyyətli olar. Bəzən insanlar arasında “duzdan tamamilə imtina edək” kimi fikirlər səsləndirilir. Bu, tamamilə yanlış düşüncədir. Çünki belə halda insan orqanizmində su-duz mübadiləsi pozula bilər. Ümumiyyətlə, duzları alarkən qablaşmasının hava keçirməyən şəklində və yodlaşdırılmış olmasına diqqət etmək lazımdır. Həmçinin üzərində yodlaşdırılmış qeyd edilən duzların istifadə müddəti 6-9 aydan çox olmamalıdır. Əgər istifadə müddəti daha çoxdursa, yaxud müəyyən emal prosesi keçibsə, bu halda həmin məhsul yodlaşdırılmış duz hesab oluna bilməz. Ona görə də bu kimi duzlardan gündəlik istifadə üçün tövsiyə olunmur”.

Sayalı Abasova, “İki sahil”