Mağazalarda aylarla saxlanan yarımfabrikat məhsulların hansı təhlükələri var? – Mütəxəssis AÇIQLADI:

0 Shares

Evdə hazırlanan yeməklər bir həftəyə xarab olduğu halda yarımfabrikatlar mağazalarda aylarla saxlanılır. Son istifadə tarixi qablaşdırmada 1 il göstərilsə də, ətdən hazırlanan qidalara mənfi 5 dərəcədə olmaq şərti ilə 2-3 gün, mənfi 20 dərəcədə olduğu halda isə cəmi 10 gün saxlama vaxtı verilir. Düşbərə kimi yarı ət, yarı xəmirdən hazırlanan dondurulmuş yeməklərə isə 5 gün, dərin dondurucuda saxlanıldıqda isə 1 ay müddət verilir. Amma satışdakı xəmir yeməkləri üçün təyin edilən müddət 6 aydır.
Mövzu ətrafında suallarımı müsahibim, Qida Təhlükəsizliyi üzrə ekspert Asim Vəliyevə ünvanladım:

– Asim bəy, aylarla mağazalarda saxlanılan yarımfabrikantlar insanı hansı təhlükəylə üz-üzə qoya bilər?

– Müasir həyatın sürəti, şəhərləşmənin gətirdiyi rahatlıq və məhdudiyyətlər bir çox insanı yemək bişirməyə vaxt ayırmamağa və yarımfabrikatlardan istifadə etməyə məcbur edir. Əgər insan gününün çox hissəsini işdə keçirməli olursa, axşamlar yemək bişirməyə vaxtı olmur, bəzən isə tənbəllik də olur. Artıq hazır və yarımfabrikat qidalar şəhər sakinlərinin qida rasionunun əsas hissəsini təşkil edir. İşdən evə gedərkən ən yaxın supermarketə gedərək çox istədiyimiz yarımfabrikat qidanı seçmək və evə gəlib yarım saat ərzində tam şam yeməyi hazırlamaq rahatdır. Yarımfabrikatlar artıq iaşə sektorunda da geniş istifadə olunmağa başlayıb. Market rəflərində həm qiymət baxımından münasib, həm də hazırlanması asan olan bəzəkli, bir-birindən gözəl, çeşidli yarımfabrikat qida məhsulları artmaqda davam edir. Bu cür məhsulların çeşidinin çox olması hər gün səhər yeməyi, nahar və ya şam yeməyi üçün müxtəlif seçim imkan verir. Yarımfabrikatlar müxtəlif dərəcəli ilkin emaldan keçmiş, uzunmüddətli saxlama üçün hazırlanmış və tez bişməyə imkan verən istənilən qida məhsuludur. Əgər ilkin emal prosesində süni rəngləndiricilər, konservantlar, kimyəvi dadlandırıcılar və ya digər zərərli qida qatqıları istifadə edilmirsə, bu yarımfabrikatlar az zərərlidir.
Belə məhsulların çeşidi çox genişdir. Ət, kartof və göbələkli küftə, mantı, xəngəl, dolma, frii, bulyonlar, ət, toyuq, balıq kotletləri və s. kimi. Çox vaxt belə məhsullar yarım bişmiş hazırlanır və qısa müddətdə (qaynatma, qızartma və ya mikrodalğalı sobada qızdırmaqla) servis edilə bilir.
Hazır qidaların zərərlərindən danışarkən onların nədən və necə hazırlandığını anlamaq lazımdır. Bir çox istehsalçı pula qənaət etmək, texnoloji prosesi asanlaşdırmaq və məhsulun raf ömrünü uzatmaq üçün reseptdəki təbii maddələri hər cür kimyəvi qida qatqı maddələri ilə əvəz edir. Bu da təbii ki sağlamlıq üçün təhlükə hesab oluna bilər.
Bu məhsulların yüksək kalorili olması da obezitə baxımından sağlamlıq üçün təhlükə yaradır. Belə yarımfabrikatlar hazırlanmasında istifadə olunan mənşəyi bəlli olmayan yağlar, aşağı keyfiyyətli ətin və yan ət məhsullarının olma ehtimalı da sağlamlıq baxımından təhlükə yarada bilər.
Ancaq öz nüfuzuna hörmət edən bir çox qida istehsalçıları yarımfabrikatlarda keyfiyyətli yağlardan, ətlərdən və digər qida maddələrindən istifadə edir.
Hazır və yarımfabrikat qidaların başqa bir zərərli tərəfi də tərkibində süni dadlandırıcıların və yüksək miqdarda duzun olmasıdır. Süfrə duzunun özü də qoruyucu və ləzzət artırıcıdır. Yarımfabrikatın emal zamanı azalan dadını artırmaq üçün süni dadlandırıcılar istifadə oluna bilir. Bu cür məhsullarla orqanizmə daxil olan yüksək miqdarda duz da sağlamlıq baxımından təhlükə yaratmış olur. Bir çox sənaye üsulu yarımfabrikatları qovuraraq bişirmək tövsiyə olunur. İstehlakçı öz çəkisinə diqqət edirsə və ya bağırsaqlarında problem varsa, yarımfabrikatları başqa üsullarla – buxarda, qaynadaraq və ya yağsız olaraq bişirə bilər.
Hazır qidalarla, yarımfabrikatlarla “fast-food” restoranlar şəbəkəsinin oxşar tərəfləri çoxdur. Bir çox insanlar küftə, kotlet, pizza və ya pancakeləri “fast-food” kimi qəbul etmir. Sadəcə qızdırmaq, tavada qızartmaq və ya bişmək lazım olan “evdə yemək” supermarketi onlara daha sağlam və ya dadlı görünmür. Sadəcə isidilməli, tavada qızardılmalı, sobada bişirilməli olan marketlərdən alınan “ev yeməkləri” adı ilə yarımfabrikatlar onlar üçün təhlükəli görsənmir.
Yarımfabrikatları aşağıdakı qruplara bölmək olar:
Dondurulmuş meyvə və tərəvəzlər. Orqanizm üçün faydalıdır, çünki vitamin və və mineral tərkibini saxlayırlar, konservantlar və qida qatqı maddələri ehtiva etmirlər.
Dondurulmuş qarışıqlar – bir qayda olaraq, dondurulmuş tərəvəz hissələri ilə yanaşı dənli bitkilər də ehtiva edirlər.
Ət yarımfabrikatları, həm dondurulmuş kotletlər, küftələr, konservlər, həm də emal olunmuş ət məhsullarıdır (kolbasa, sosiska və s.).
Digər bir qrup isə hazırlanarkən istifadə edilən çox miqdarda süni dadlandırıcılar, konservantlar və bitki yağları ehtiva edən yarımfabrikatlardır.
Əksər yarımfabrikatlar asılılıq meydana gətirir. Tərkibində çox miqdarda qida qatqı maddələri ola bilir. Obezitəyə səbəb ola bilir. Bağırsaq mikroflorasının pozulmasına səbəb ola bilir.

-Belə qidaların uzunömürlü olması üçün onlara vurulan yüksək miqdarda qoruyucu maddələr hansılardır və onların nə kimi ziyanları var?

-Yarımfabrikat qidaların dadlı və doyumlu olması üçün onlara E 621 (Mononatrium qlutamat) adlı qida qatqı maddəsi də qatılır.

– Alıcılar nəyə diqqət etməlidir?

– Alıcılar istənilən məhsulu alarkən az qatqılı, rəf ömrü az olan, qablaşdırması pozulmayan, saxlanma şəraitinə və qaydalarına düzgün riayət olunmuş istehsal və son istifadə tarixi olan, istehsalçı müəssisə tərəfindən məlumat qeyd olunmuş, icazə məlumatları olan məhsulları almağa diqqət etsinlər.

– Məhsulların etiketlərində istehsal saatının göstərilmədiyi də aşkar olunmuşdur. Bu halda hara müraciət olunmalıdır və hansı tədbirlər görülməlidir?

– Əgər bir məhsulun etiketində istehsal tarixi və son istehlak tarixi qeyd olunmayıbsa, bu məhsulları almamaq lazımdır. Mütləq şəkildə aidiyyəti üzrə AQTA-nın 1003 qaynar xətti ilə əlaqə saxlaya bilərlər.

~ Abbaszadə Fidan