“Mənşəyi məlum olmayan “fast food” adlanan qidaları ac qarına qəbul etmək təhlükəlidir. Bu qidalara qamburger, dönər və digər əlüstü hazırlanan qidaları aid etmək olar. Ac qarına qazlı və rəngli içkiləri qəbul etmək orqanizm üçün zərərlidir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, insanların faydalı hesab etdiyi bir çox qidalar və ya içkilər var ki, həmin qidaları və ya içkiləri istehlak etdikdə orqanizm üçün zərərlidir: “İlk növbədə, sitrus meyvələrini ac qarına qəbul etmək olmaz. Bu kimi turş məhsulları ac qarına qəbul etdikdə allergiyaya və qastridə səbəb ola bilər. Bu kimi meyvələr mədənin turşuluğunu artırdığı üçün faydalı hesab olunmur. Ac qarına qəbul edilən çay və kofe ürəkbulanmaya və mədədə narahatlığa səbəb ola bilər. Eyni zamanda, kofe içmək mədə turşuluğunun balansını pozur. Tərəvəzlərdən isə pomidoru ac qarına qəbul etmək mədə turşuluğunun artmasına səbəb olur. Bundan əlavə olaraq şirin armud və bananı səhər ac qarına qəbul etmək olmaz. Çünki bananın tərkibindəki maqnezium ürək damar xəstəliklərinin yaranmasına səbəb ola bilər. Armud isə həddindən artıq lifli qida hesab olunduğuna görə, onu ac qarına yedikdə həzm sistemində pozulmamalara gətirib çıxarda bilər. Səhər, əsasən, yumurta yemək daha faydalıdır. Yumurta gün ərzində həm enerji, həm də protein qaynağı olaraq qəbul edilir.
Bundan əlavə olaraq qoz və balqabağı qəbul etmək daha faydalıdır. Səhər yuxudan oyandıqda, əsasən, günə bir stəkan su ilə başlamaq lazımdır. Çünki su qan dövranını yaxşılaşdırır, orqanizmdə yığılıb qalan toksin maddələrinin kənarlaşdırılmasına, maddələr mübadiləsinin normallaşdırılmasına kömək olur”.