Məhsəti Hüseynova: Şəkərli diabet xəstələrinə şad xəbər – “Bunları yesəniz…”

Məhsəti Hüseynova
0 Shares

Diabet ağır xəstəlikdir. Hazırda dünyaya 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, 187 milyondan çox insan hələ də diabet olmasından xəbərsizdir. Şəkərli diabetdə ən vacib faktorlardan biri də qidalanmadır. Nəzərə alsaq ki, Novruz bayramı ərəfəsindəyik, bu mövzu daha aktualdır.

Mövzu ilə bağlı Qida təhlükəsizliyi hərəkatının təsisçisi və sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Teleqraf.com-un suallarını cavablandırıb.

  • Məhsəti xanım, şəkərli diabet nədir?
  • Şəkərli diabet bir çox ölkələrdə xəstəlik olaraq yox, həyat tərzi kimi qəbul edilib. Şəkərli diabetdə ən əsas faktor pəhriz və idmandır. Burada əsasən fiziki aktivlik nəzərdə tutulur. Ona görə də şəkərli diabet həm də sağlam həyat tərzi qaydalarına əməl etmək deməkdir.

Şəkərli diabet zamanı əsas problem qəbul olunan qidanın düzgün formada enerjiyə çevrilməməsidir. Qida ilə qəbul etdiyimiz qlükozanın həzm olunması üçün mədəaltı vəzinin insulini ifraz edə bilmir və bu problem qanda şəkər miqdarının artmasına səbəb olur.

  • Şəkərli diabet xəstələri yaş qruplarına görə bölünürmü?
  • Bəli. İki tip şəkərli diabet xəstəsi var. Birinci tip xəstələr (E10) əsasən uşaqlarda, körpələrdə, gənc yaşlarda ortaya çıxan şəkərli diabet hesab olunur. Bu xəstələr nisbətən təhlükəlidir. Onların əlavə insulinlə inyeksiyasının olması çox vacibdir. Əgər insulin olmazsa, bu daha çox problemlərin yaranmasına səbəb olur.

İkinci tip xəstələr (E11) isə daha çox orta yaşlı və qoca insanlardır. Bu insanlarda xəstəlik əsasən stress, qorxu, qidalanma qaydalarına əməl etmədiyi halda yaranır.

Bu xəstələr əsasən dərman qəbul etmək və pəhrizə əməl eləməklə şəkərin miqdarını normada saxlaya, uzun müddət problemsiz yaşaya bilərlər. Əsasən qidalarına fikir verdikdə, şəkərin miqdarını nəzarətdə saxlamaq mümkündür.

  • Pəhriz dedikdə nəyi nəzərdə tutursunuz? Qidalanma rejimi necə olmalıdır?
  • Şəkərli diabet xəstələrinin qidalanmasını hamilələrin qidalanması ilə eyni qiymətləndirmək olar. Çünki hamilələrdə və şəkərli diabet xəstələrində qida qəbulu gün ərzində üç dəfə əsas yemək, digərləri isə ara yemək olmaqla 5-6 dəfə olmalıdır.

Qida qəbulu zamanı yeməyin miqdarı az olmalı və bir yemək prosesi yarım saat müddətində davam etməlidir. İlk 15 dəqiqədə şəkərli diabet xəstələrində doyma hiss olunmur. İnsanlar acdırsa, birdən yeməyə başladıqda çox sürətli şəkildə qədərindən artıq qida qəbul edirlər. Bu isə çeynənilmədən qəbul olunduğundan mədədə problemlər yaranır. Yemək miqdarının çox olması səbəbindən həzm olunma prosesi çətin olur.

  • Qidalanma prosesinə əməl etməmək hansı problemlərə səbəb ola bilər?
  • Şəkərli diabet xəstələri düzgün qidalanmadıqda problem dərhal ortaya çıxmır. Bu, zaman-zaman daxili orqanların gizli şəkildə sıradan çıxmasına səbəb olur. Mümkün qədər xəstəliyi öyrəndikləri andan qidalanmalarına ciddi şəkildə riayət etməlidirlər. Bir çox şəkər xəstələri qidalanmalarına fikir verdiyi halda, 80-90 yaşa qədər problemsiz yaşaya bilərlər.
  • Bu xəstələr hansı qidalardan uzaq olmalıdırlar?

Ətraflı

  • Kartof, buğda və arpadan hazırlanan yeməklər, un məmulatları, şirniyyat bu xəstələr üçün ən zərərli qidalar hesab olunur. Paketlənmiş içkilərlə yanaşı, qazlı, spirtli içkilər həddindən artıq zərərlidir. Təbii meyvə şirələri həddindən artıq şirin meyvədən hazırlanıbsa, içməsələr daha yaxşı olar. Ancaq içmək istədikdə, 1/3 miqdarına su əlavə edərək, meyvə şirəsini istehlak edə bilərlər.

Duzlu, acı, konservləşdirilmiş qidalar, kolbasa, sosika qida rasionundan çıxarılmalıdır. Qaymaq, xama, moyonez qəbul olunmasa, daha yaxşıdır. Xurma, əncir, yemiş, banan, ərik, şabalıd kimi çox şirin meyvələr mümkün qədər az istifadə olunmalıdır.

  • Sadaladığınız məhsullar demək olar ki, gündəlik qidalanmamızda yer alır. Bəs diabet xəstələri nə yesinlər?
  • Çiyələk, zoğal, əzgil, qarağat, yer alması, albalı, turş alma, turşməzə armud, qarpız kimi turş və sulu meyvələr yemələri tövsiyə olunur. Eyni zamanda, qara çörək istifadə etmələri məsləhət görülür. Yeməklərində ət, toyuq, balıqdan istifadə etməlidirlər. Lakin ətin yağlı hissəsi, toyuğun dərisi, balığın yağlı hissələrini yemələri məsləhət görülmür. Həftə ərzində üç dəfə yumurta yeyə bilərlər. Yumurtanı qaynadılmış formada yemələri məsləhət görülür. Dəyişiklik olsun deyə çox az yağda omlet şəklində yemək olar.

Ümumiyyətlə, şəkər xəstələrinin buxarda bişirilmiş yeməklər yemələri daha faydalıdır. Yeməklərində bitki, zeytun, qarğıdalı yağları məsləhət görülür. Həftə ərzində üç, maksimum dörd dəfəyə qədər az miqdarda kərə yağı istifadə edə bilərlər. Yeməklərinə darçın əlavə etməkləri tövsiyə olunur. Çünki darçın həzmi asanlaşdırır və bu xəstələr üçün xüsusilə faydalıdır.

Çaydan mümkün qədər az istifadə etməlidirlər. Lakin çayın yanında tut qurusu şəkər xəstələri üçün çox faydalıdır. Gün ərzində iki fincan çay məqsədə uyğundur. Həmçinin paxlalı, dənli bitkilər çox xeyirlidir.

Badımcan, kələm, göbələk, pomidor-xiyar, göyərtilər, qabaq çox faydalıdır. Süd, kəsmik, qatıq, kefir, pendir çox xeyirlidir, amma yağlılıq dərəcəsinə diqqət etmək lazımdır.

  • Məhsəti xanım, şəkər xəstələrinin tez-tez susuzluqdan şikayət etdiyinin şahidi oluruq…
  • Bəli, bu onların ən böyük pronblemlərindən biridir. Bu halda onlara yalnız saf, distillə olunmuş su, ayran və qatıq məsləhət görülür. Eyni zamanda, turşməzə meyvələrlə də susuzluğu yatıra bilərlər.
  • İnsanların bu xəstəlikdən qorunması üçün nəyi tövsiyə edirsiniz?
  • Hər insan öz orqanizminin həkimi olmalıdır. Zərərli qidaları qeyd etdik. Amma əgər orqanizm tələb edirsə və xəstə bunu həddindən artıq istəyirsə, zərərli saydığımız qidalardan daimi olmamaq şərtilə istifadə etməsi ona elə də təsir etməz.

Başqa tövsiyəm də odur ki, əgər qadağan olunmuş qidalardan çox istifadə edibsə, yaxud bayram süfrələri, yığıncaqlarda qidaları qarışdırıbsa, o zaman xəstə qəbul etdiyi dərmanın dozasını artırmaqla zərərli qidaların təsirini azalda bilər.