“Evdə hazırlanan təbii kompotlar yeni və az şəkərlidirsə, faydalıdır”.
Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.
O vurğulayıb ki, gün ərzində qadınlar 20 qram, kişilər isə 35 qram şəkər qəbul etməlidirlər:
“Yəni gün ərzində başqa şəkərli qida qəbul etməyiblərsə, şəkər ehtiyaclarını kopmotla ödəyə bilərlər. Həmin vaxt içilən kompot onlara enerji verəcək. Eyni zamanda, meyvələrin tərkibindəki faydalı elementlərdən də istifadə edəcəklər. Bu da yeni və az bişirilmiş kompotlara aiddir”.
Lakin mütəxəssis diqqətə çatdırıb ki, uzunmüddətli formada hazırlanan kompotlarda şəkər miqdarı həddindən artıq çox olur:
“Gün ərzində həm şəkərli qidalar, həm də kompot qəbul etməklə həddindən artıq zərərli karbohidrat qəbul etmiş hesab olunursunuz. Yaxşı olar ki, meyvələr də mövsümi olaraq qəbul edilsin. Həmçinin, orqanizmin təbii maye balansını təmin etmək üçün yalnız sudan istifadə etmək tövsiyə olunur”.
~ Hüseynli Nərgiz