Sağlam qidalanma zamanı hansı yağlardan istifadə etməliyik?

0 Shares

Hər gün qida rasionunda yer alan qidalardan biri də yağlardır. Lakin bir çox yağların tərkibində qatqı olması da heç kəsə sirr deyil. Bəs yağ alarkən və istifadə edərkən nələrə diqqət etməliyik? 

Bu barədə Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova informator.az-a açıqlama edib. Mütəxəssis deyir ki, yağ orqanizmə enerji verən, eyni zamanda da çox faydalı olan makroelementlərdən hesab olunur.  

Bəs yeməklərimizdə hansı yağlardan istifadə etməliyik? Məhsəti Hüseynova qeyd edir ki, bitki və heyvan mənşəli yağlardan istifadə etmək lazımdır.

“Xüsusilə tərkibində doymamış yağ turşuları olan yağlardan istifadə etmək yay aylarında daha çox faydalıdır. Buna da zeytun yağını nümunə göstərmək olar, çünki zeytun yağı soyuq sıxım olan, təbii, keyfiyyətli yağ hesab olunur. Bunu həm yeməklərdə, həm də salatlarda istifadə etmək olar. Daha sonra avokado yağından istifadə etmək də orqanizm üçün faydalıdır. Avokadonı həm tərəvəzlərlə, həm də qızartmalarda da istifadə etmək olar, eyni zamanda da həmin avokadodan az yağ istifadə etməklə, hər hansı bir səhər yeməyi, omlet kimi və yaxud digər səhər yeməyi kimi qəbul olunsa, gün ərzində orqanizmə enerji vermiş olur”.

Mütəxəssis eyni zamanda qeyd edir ki, heyvan mənşəli yağlardan istifadə etməli olacağıqsa, bu zaman diqqət etməliyik ki, təbii kərə yağı və yaxud nehrə yağı olsun.

“Bunlardan istifadə edərkən həddindən artıq çox qızartmamalıyıq, çünki yağ yüksək istilik prosesinə məruz qaldıqda tərkibində konserogen maddələr əmələ gəlir ki, bu da zamanla daxili orqanların və orqanizmin müxtəlif orqanlarını xərçəngə yoluxma riskini artırır. Yaxşı olar ki, yeməkləri hazırladıqda artıq bişməyə az qalmış yağ əlavə etmək həm yağın tərkibinin keyfiyyətli qalmasına, həm də orqanizmə zərər verməməsinə səbəb olur”.

Müsahib əlavə edir ki, bir çox qidaların, xüsusilə də çərəzlərin tərkibində də yağ var.

Məhsəti Hüseynova bildirir ki, bir insan gün ərzində 100 qram, əgər çəkisi çoxdursa və yaxud çox enerji sərf edəcəksə, 100 qramdan bir qədər az atrıraraq yağı qəbul edə bilər.

“Buna nümunə olaraq həm fıstığı, həm də badam və qozu göstərə bilərik ki, onlardan da istifadə etmək orqanizmin günlük yağ təminatını ödəyə bilir. Qara çörək otu yağı və yaxud küncüt yağından da istifadə etmək olur və daha çox salatlarda istifadə olunur. Xüsusilə də səhər yeməklərində istifadə etmək daha faydalıdır, çünki yağın tərkibi həddindən artıq yağda həll olan vitaminlərlə zəngindir. Buna A, D, E, K vitaminlərini göstərmək olar ki, orqanizmi birbaşa olaraq həmin vitaminlərlə təmin etdiyi üçün mütləq şəkildə keyfiyyətli yağ qəbul etməliyik”.

“Həddindən artıq çox qəbul olunan yağ əgər az hərəkətli insandırsa, enerjiyə çevrilmirsə, bu zaman orqanizmə zərər verə bilər”.

Mütəxəssis ərinmiş yağdan istifadə zamanı nələrə diqqət etməli olduğumuz barədə məlumat verib.

“Həmin ərinmiş yağ həddindən artıq əridilməsin və ərinmiş yağı saxlayarkən düzgün temperaturda şüşə və yaxud emal olunmuş qablarda saxlanılmalıdır ki, bu da yağın tərkibinin keyfiyyətli şəkildə qalmasına kömək olur. Ancaq ən keyfiyyətli əridilməmiş təbii şəkildə istifadə olunan yağlardı ki, bunlara da diqqət etmək lazımdır”.

Məhsəti Hüseynova sonda vurğulayır ki, yaxşı olar ki, ümumiyyətlə, keyfiyyətsiz yağlardan uzaq duraq, çünki dediyimiz kimi, orqanizmə zərər verir, ilk olaraq mədədə ağrılarla, həzm sistemində ağırlaşmalarla özünü göstərir.

~ Abbaszadə Fidan