Gənclər arasında sağlam həyat tərzinin təşviqi və rəqəmsal dövrün yaratdığı sağlamlıq riskləri barədə məlumatlılığın artırılması məqsədilə Bakı şəhərində “Sağlam həyat tərzini seç” adlı maarifləndirmə görüşü keçirilib.
Tədbir Bakı Şəhər Gənclər və İdman İdarəsi, Qida Təhlükəsizliyi Hərəkatı və “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutub. Globus Centre-də keçirilən görüşdə 40 fəal gənc iştirak edib.
Seminar çərçivəsində müasir dövrdə gənclərin üzləşdiyi aktual sağlamlıq problemləri müzakirə olunub. “Ekran Nəsli: Gözlərini qoru, gələcəyini gör” mövzusunda çıxış edən sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova düzgün qidalanmanın insan sağlamlığına, xüsusilə də göz sağlamlığına təsiri, rəqəmsal asılılığın yaratdığı risklər və sağlam həyat vərdişlərinin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra göz sağlamlığı üzrə mütəxəssis, cərrah-oftalmoloq Günel Xalıqverdiyeva “Gənclərdə göz sağlamlığı, gecə telefon istifadəsi və görmə problemləri” mövzusunda təqdimatla çıxış edib. Mütəxəssis uzunmüddətli ekran istifadəsinin yaratdığı problemlər, gecə saatlarında smartfonlardan istifadənin mənfi təsirləri və görmə qabiliyyətinin qorunması üçün vacib tövsiyələrini iştirakçılarla bölüşüb.
İnteraktiv müzakirələrlə davam edən tədbirin sonunda iştirakçılar üçün xüsusi sosial aksiya təşkil olunub. Seminarda iştirak edən 40 gəncin hər biri pulsuz göz müayinəsindən keçib, onlara fərdi tövsiyələr verilib və sertifikatlar təqdim olunub.
Həmçinin tədbirin aktiv iştirakçılarına maarifləndirici məqsədlə “İslamda Qida Mədəniyyəti” adlı kitab hədiyyə edilib.
Təşkilatçılar qeyd ediblər ki, bu cür maarifləndirici təşəbbüslər gənclərin sağlam həyat tərzi vərdişlərinin formalaşdırılmasına, sağlamlığın qorunmasına və gələcəkdə daha sağlam cəmiyyətin qurulmasına mühüm töhfə verir. Bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.







• Fidan Abbaszadə






