Bazarlarda və marketlərdə satılan ucuz qida məhsulları ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər mövcuddur. Bir çox insanlar qiyməti aşağı olan məhsulların keyfiyyətsiz və ya sağlamlıq üçün təhlükəli olduğunu düşünür. Lakin mütəxəssislər bildirirlər ki, məhsulun qiyməti hər zaman onun keyfiyyətini əks etdirmir.
Sağlam qidalanma mütəxəssisi Məshəti Hüseyinova Avantaj.media-ya açıqlamasında bildirib ki, qida məhsullarında qiymət heç də hər zaman keyfiyyət göstəricisi deyil.
Onun sözlərinə görə, bəzi hallarda ucuz satılan məhsullar da keyfiyyətli, faydalı və təhlükəsiz ola bilər:
“Bəzən yerli istehsal olan məhsulların qiyməti daha aşağı olur. Bunun səbəbi həmin məhsulların daşınma, idxal və digər əlavə xərclərinin az olmasıdır. Bu amillər məhsulun son satış qiymətinə təsir göstərir. Eyni vəziyyət bəzi qablaşdırılmış məhsullarda, meyvə və tərəvəzlərdə də müşahidə edilə bilər”.
Mütəxəssis qeyd edib ki, istehlakçılar məhsul seçərkən yalnız qiymətə deyil, onun saxlanma şəraitinə və təhlükəsizlik göstəricilərinə diqqət yetirməlidirlər.
“Alınan məhsulun istehsal tarixi və son istifadə müddəti yoxlanılmalıdır. Xüsusilə qablaşdırılmış qidalarda qablaşdırmanın zədələnməmiş olması vacibdir. Şişmiş, deşilmiş və ya kəsilmiş qablaşdırmada olan məhsulların alınması məsləhət görülmür. Məhsulun üzərində tərkibi, saxlanma şəraiti və istifadə qaydaları barədə məlumatlar da mütləq göstərilməlidir”, – deyə o vurğulayıb.
Məshəti Hüseyinovanın sözlərinə görə, ucuz hazır yeməklər müəyyən risklər daşıya bilər. Belə məhsullarda bəzən keyfiyyətsiz xammaldan, ucuz yağlardan, həddindən artıq dadlandırıcı, rəngləndirici və konservantlardan istifadə olunur.
“Qida dəyəri aşağı, lakin kalorisi yüksək olan məhsullar müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə istehlakçını cəlb etmək məqsədilə istifadə edilən bəzi əlavələrin normadan artıq tətbiqi insan sağlamlığı üçün risk yaradır”, – deyə ekspert bildirib.
Mütəxəssis əlavə edib ki, xüsusilə ət və ət məhsulları, süd və süd məhsulları yüksək risk qrupuna aid qidalardır. Bu məhsulların həm daşınması, həm də satışı zamanı soyuq zəncir qaydalarına ciddi şəkildə əməl olunmalıdır.
Onun fikrincə, mənşəyi şübhəli olan, saxlanma qaydalarına əməl edilməyən və ya dövlət nəzarətindən kənar satışa çıxarılan məhsulların alınması məqsədəuyğun deyil.
Ekspert istehlakçılara tövsiyə edir ki, qida məhsulu seçərkən əsas meyar kimi yalnız qiyməti deyil, məhsulun təhlükəsizliyini, keyfiyyətini və saxlanma şəraitini nəzərə alsınlar.
- Fidan Abbaszadə






