Dondurma seçərkən nələrə diqqət etməliyik?

Asim Vəliyev
0 Shares

“İsti yay günlərinin etiraz edilməyəcək qidalarından biri də dondurmadır. Dondurma qida dəyəri yüksək olan süd məhsuludur. Tərkibində zülal, karbohidrat və yağla yanaşı A, B, C, D, E vitaminləri, kalsium, fosfor, maqnezium, natrium, kalium, dəmir, sink var. Dondurma hazırlanmasında şəkər, müxtəlif meyvələr, şokolad, kakao, fındıq, fıstıq, karamel, qlükoza siropu, bitki yağı, süd yağı, aromatizatorlar, qatılıq artırıcı qida qatqı maddələrindən də istifadə olunur”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, təhlükəsiz şəraitdə və normativlərə uyğun hazırlanmayan, saxlanılmayan dondurmalar sağlamlıq üçün ciddi təhlükə yarada bilir: “Dondurma alarkən diqqət edəcəyimiz bəzi məqamları nəzərinizə çatdırmaq istəyirəm.
Sağlam və gigiyenik şərtlərdə pasterizə süddən hazırlanmış dondurmaları alın. Süd mikroorqanizmlərin çoxalması üçün çox yaxşı bir mühitdir. Təhlükəsiz və gigiyenik mühitdə hazırlanan dondurmalarda bakteriyalar asanlıqla çoxalır və yediyimiz dondurma sağlamlıq üçün ciddi təhlükə yarada bilir. Bu baxımdan açıq şəkildə və küçədə satılan dondurmalara diqqət edin. Küçədə və açıq şəkildə satılan dondurmaları satan şəxsin əlcək və maskadan istifadə etməsi də vacibdir. Çox vaxt satıcı pula toxunduğu əllə dondurma ikram edir, belə olduğu halda pulda olan zərərli mikroorqanizmlər dondurmaya da yoluxa bilir. Nəticədə, dondurma riskli qidaya çevrilir”.

Asim Vəliyev sözlərinə belə davam edib: “Paketlənmiş dondurmaların etiketi oxunmalı, tərkibi və son istifadə tarixinə diqqət edilməlidir. Vaxtı keçmiş və ya keçməyə az qalmış dondurmalar satın alınmamalıdır. Qablaşdırması pozulmuş, dağılmış, qoxusu dəyişmiş dondurmaları satın almayın.
Dondurmaların saxlanıldığı soyuducuların temperaturuna da diqqət olunmalıdır. Süddən hazırlanan dondurmalar uyğun temperaturda və şəraitdə saxlanmazsa, salmonella, listeria monocytogenes, enterobacteriaceae bakteriyaları əmələ gəlir və çoxalır. Dondurma – 18 dərəcə temperaturda saxlanılmalıdır”.

Ayşən Vəli