Son günlər bazarda yumurtanın qiymətinin kəskin şəkildə enərək bəzi satış nöqtələrində 1 qəpiyə qədər düşməsi geniş ictimai müzakirələrə səbəb olub. Qiymət enişi ilə paralel olaraq sosial şəbəkələrdə yayılan müxtəlif videolar və iddialar da diqqət çəkir. Paylaşımlarda bəzi yumurtaların içindən qurd çıxması, sarısının qeyri-adi şəkildə bərkiməsi və təbii məhsula bənzəməməsi kimi görüntülər mübahisələri daha da artırıb.
Bir qrup vətəndaş bu yumurtaların keyfiyyətinin aşağı olduğunu və hətta xaricdən, xüsusilə Çin mənşəli “süni yumurtalar” ola biləcəyini iddia etsə də, bu fikirlər hələlik rəsmi şəkildə təsdiqlənməyib. Mövzu həm qiymət dəyişiklikləri, həm də məhsul təhlükəsizliyi baxımından geniş müzakirələr doğurmaqda davam edir.
Mövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, son günlər yumurta qiymətlərinin kəskin düşməsi mövzusu gündəmi zəbt edib. Bir tərəfdən istehlakçılar sevinir, bir tərəfdən də yumurtanın təhlükəsizliyi və təbiiliyi ilə bağlı müxtəlif versiyalar yayılır. Onun sözlərinə görə, tək yumurtada deyil, bütün qida məhsullarında qida təhlükəsizliyi və sağlamlığımız baxımından diqqətli olmaqda fayda var: “Əlbəttə ki, qiymətin enməsinin bir neçə real səbəbi ola bilər. Bunlara istehsalın artması, bazarda təklifin çoxalması, yay mövsümündə tələbatın nisbətən azalması, marketlərin kampaniyalarını göstərə bilərik. Yalnız qiymətə baxıb birbaşa ucuzdursa, keyfiyyətsizdir demək də doğru olmaz. Bir istehlakçı olaraq bizim üçün vacib məqam qiymətdən çox, məhsulun keyfiyyəti olmalıdır.
Yumurta canlı bioloji məhsuldur. Vaxt keçdikcə, düzgün olmayan temperaturda saxlanıldıqda keyfiyyəti dəyişir. Təzə yumurtanın sarısı möhkəm və mərkəzdə, ağı isə qatı və şəffaf olur. Köhnələndikcə ağı durulaşır, sarısı ətrafa yayılır, qırıldıqda daha sulu görünür.
Yumurta alarkən qabığında çat, ləkə, qeyri-adi rəng olub-olmadığına diqqət etməliyik. Həmçinin istehsal və son istehlak tarixləri də diqqət edəcəyim məqamlardandır. Bəzən qırdıqdan sonra kəskin pis qoxu gəlir. Bu da xarab olmanın əlaməti ola bilər. Həm yumurtanı suyun içinə atıb yoxlaya bilərik. Təzəsi dibə batır, köhnəsi üzür.
Qida təhlükəsizliyi baxımından ən böyük risklərdən biri salmonella bakteriyasıdır. Ona görə də yumurtanı bilinən markadan almaq, soyuducuda saxlamaq, yaxşı bişirib yemək vacibdir. Xam və yarımbişmiş yumurta riskli ola bilər.
Bir istehlakçı olaraq əksəriyyətimiz alış-verişdə ilk növbədə qiymətə baxırıq. Halbuki qiymətlə yanaşı mənşəyə, saxlanma şəraitinə və görünüşünə də fikir vermək lazımdır.
Sosial şəbəkələrdə Çindən gətirilən süni yumurta barədə şayiələr də dolaşır. Amma rəsmi qurumlar bu iddiaları təkzib edir. Deyə bilərəm ki, hal-hazırda Azərbaycanda daxili istehsal tələbatı tam ödəyir. Çindən yumurta idxalı barədə məlumatım yoxdur. Amma fikir versəniz belə şayiələr adətən qiymət kəskin düşəndə yayılır. Söhbət qidadan və sağlamlığımızdan gedirsə, istehlakçıların narahat olması boşuna deyil. Hər zaman olduğu kimi panikaya qapılmadan ağıllı seçim etməliyik”.
- Fidan Abbaszadə






