Yay aylarında yüksək temperatur şəraiti qida məhsullarının daha tez xarab olmasına səbəb olur və bu da qida zəhərlənmələrinin artması ilə nəticələnir. Xüsusilə açıq şəraitdə satılan, düzgün saxlanılmayan və vaxtında soyudulmayan qidalar insan sağlamlığı üçün ciddi risk yaradır. İsti havada bakteriyalar daha sürətlə çoxalır və bu, zəhərlənmə hallarını artırır. Ən çox hallarda ət məhsulları, süd və süd məhsulları, eləcə də mayonezli salatlar təhlükə mənbəyi kimi göstərilir. Yay mövsümündə gigiyena qaydalarına əməl olunmaması və düzgün qida seçiminin edilməməsi müraciət saylarının artmasına gətirib çıxarır. Həkimlər və ekspertlər vətəndaşlara qidaların saxlanma və hazırlanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirlər.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu barədə Demokrat.az-a açıqlamasında deyib ki, yay aylarında yüksək temperatur qida məhsullarının saxlanma və hazırlanma qaydalarına daha ciddi yanaşmağı zəruri edir:
“Bu dövrdə xüsusilə ət və süd məhsulları kimi zülal tərkibli qidalar daha yüksək risk qrupuna aid edilir və qida zəhərlənmələrinin əsas mənbəyi kimi çıxış edir. Bu məhsullar mütləq soyuducu şəraitdə saxlanılmalı, donu açıldıqdan sonra yenidən dondurulmamalı və birdəfəlik istifadə üçün hazırlanmalıdır. Eyni qayda bişirilən qidalara da aiddir: hazırlanmış yeməklərin təkrar qızdırılması və uzun müddət otaq temperaturunda saxlanılması mikrobioloji çirklənmə riskini artırır və bu da zəhərlənməyə səbəb ola bilər. Xüsusilə mayonezli, xamalı və müxtəlif əlavələrlə hazırlanan salatlar daha həssas qida kateqoriyasına daxildir. Belə məhsullar hazırlandıqdan dərhal sonra soyuducuda saxlanılmalı, uzun müddət açıq havada saxlanılmamalıdır”.
O qeyd edib ki, əks halda, bakteriyaların sürətlə çoxalması insan sağlamlığı üçün ciddi təhlükə yaradır:
“Eyni zamanda, mağazalardan alınan yarımfabrikat məhsullar ət və xəmir məmulatları da diqqət tələb edir. Bu tip qidaların tərkibində rəf ömrünü uzatmaq üçün əlavə maddələr olsa da, yay aylarında onların tez xarab olma riski daha yüksək olur və həzm sistemi pozuntularına, immun sistemin zəifləməsinə səbəb ola bilər. Bu səbəbdən mütəxəssislər yarımfabrikat məhsulların istifadəsini minimuma endirməyi tövsiyə edirlər. Açıq havada, restoran və istirahət mərkəzlərində qida qəbul edərkən isə daha çox təzə hazırlanmış, tərkibi qarışıq olmayan yeməklərə üstünlük verilməsi məqsədəuyğun sayılır. Öncədən hazırlanmış və uzun müddət saxlanmış salatlar isə bu şəraitdə ən riskli seçim hesab olunur”.
Beləliklə, yay mövsümündə kəskin artan hava temperaturu qidaların saxlanma şəraitinə nəzarəti hər bir vətəndaş üçün mütləq vəzifəyə çevirir. Ekspertlərin xəbərdarlıqları göstərir ki, gündəlik rasionda tez-tez istifadə olunan zülal tərkibli məhsullar, mayonezli salatlar və yarımfabrikatlar düzgün idarə olunmadıqda sağlamlıq üçün birbaşa təhlükə mənbəyinə çevrilir. İsti aylarda qida zəhərlənmələrindən qorunmağın ən effektiv yolu isə sadə gigiyena qaydalarına riayət etmək, məhsulları soyuq zəncir qaydalarına uyğun saxlamaq və restoranlarda təzə, sadə tərkibli təamları seçməkdir.
- Fidan Abbaszadə






