“Zülal tərkibli qidaların olması daha faydalıdır” – MÜTƏXƏSSİS DANIŞDI

0 Shares

“İnsan orqanizminin yaşına, cinsinə, fiziki aktivliyi, iş rejimi və yaşadığın yerin iqliminə görə fərqli qidalanma rejimi olmalıdır. Xüsusilə 20-25 yaşa qədər olan orqanizm davamlı inkişaf prosesində olduğundan, gün ərzində 3 dəfə qidalanmalıdırlar. 25-30 yaşdan yuxarı insanların isə gün ərzində əsas yemək olaraq iki dəfə qidalanması vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib. O bildirib ki, səhər yeməyində zülal tərkibli qidaların olması daha faydalıdır: “Günorta yeməyində isə həftədə iki dəfə qırmızı ət, iki dəfə balıq, iki dəfə quş ətlərindən istifadə olunması tövsiyyə edilir. Axşam yeməklərində həzmin daha rahat olması üçün mütləq yüngül qidalanmağa üstünlük vermək, ağır yeməklərdən, qızartmalardan qaçmaq lazımdır.

Yemək qəbul edərkən xüsusilə diqqət edəcəyimiz məqam biri-biri ilə reaksiyaya girməyən qidaların qəbul olunmasıdır. Bir yemək qəbulundan digərinə qədər ən az 3-4 saat zaman keçməlidir ki, həzm prosesi düzgün getsin. Həmçinin bununla qidaların tərkibindəki lazımi maddələr parçalanıb, öz xeyrini verəcəkdir. Digər məqamlardan biri də əsas yeməklə yanaşı ara yemək qəbulunun da olmasıdır. Bu səhər yeməyi ilə günorta yeməyi arasında çay, kofe, çərəz şəklində qəbul olunmalıdır. Eyni zamanda orqanizmin su balansını da qorumaq lazımdır, bu da bir orqanizm üçün təxmini 7-8 stəkan kimi hesablanır”.

~ Abbaszadə Fidan