Yaşıl çayın faydaları nələrdir? – MÜTƏXƏSSİS AÇIQLADI

yaşıl çay
0 Shares

“Yaşıl çay sağlamlığımız üçün çox faydalı bir bitkidir”. Bu fikirləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, tərkibində olan antioksidan və sağlamlıq üçün faydalı mikro birləşmələr orqanizmin gümrah olmasına, gündəlik funksiyaları düzgün şəkildə yerinə yetirməsinə kömək edir: “Hər gün ara yeməklərdə 1-2 fincan yaşıl çay içərək faydasından istifadə edə bilərik.
Bir fincan yaşıl çayda vacib bioaktiv birləşmələr mövcuddur. Bunlardan
biri olan polifenollar bir çox xəstəliyə qarşı qoruyucu təsir göstərir. Həmçinin mineral baxımdan da digər çay növlərinə nisbətən zəngindir. Bu baxımdan da orqanizmin mineral ehtiyacını qarşılamağa kömək edir.
Qəhvə qədər olmasa da yaşıl çayda bir miqdar kafein mövcuddur. Bu miqdar sizin gümrah olmanıza, həmçinin koqnitiv funksiyaların qorunmasına kömək edir.
Aparılan elmi tədqiqatlar yaşıl çayın artıq çəki atmada da faydalı olduğunu göstərir və kalorisi çox azdır.
Həmçinin yaşıl çay xroniki xəstəliklərə qarşı da qoruyucu təsir göstərir. İnsulin müqavimətini azaldır və qan şəkərini tənzimləyir.
Yaşıl çayın bu qədər faydasından istifadə etmək üçün düzgün şəkildə istifadə etmək lazımdır. Yaşıl çay alarkən keyfiyyətinə əmin olduğunuz markadan və qatqısız olanını seçin. Uzun müddət açıq şəkildə saxlanılan yaşıl çay yad maddə qarışımı, nəmliliyin artması və aflatoksin əmələ gəlməsi baxımından sağlamlığımız üçün çox təhlükəli ola bilər. Keyfiyyəti aşağı olan yaşıl çayda həddindən çox ftor olma ehtimalı var. Düzgün dəmlənmiş yaşıl çay daha faydalıdır. Həddindən artıq qaynadıldıqda tərkibində olan faydalı maddələr azalır”.

Müəllif: Abutel İlhamqızı