Son vaxtlar sosial şəbəkələrdə və müxtəlif platformalarda süni və ya keyfiyyətsiz düyü ilə bağlı yayılan görüntülər istehlakçılar arasında narahatlıq yaradıb. Bu görüntülər insanların gündəlik istifadə etdikləri ərzaqların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı sualları artırıb.
Bəs satışda olan düyünün keyfiyyətli olub-olmadığını necə müəyyən etmək olar? Alış-veriş zamanı hansı əlamətlərə diqqət yetirmək lazımdır və istehlakçılar məhsul seçərkən nələri nəzərə almalıdır? Bu suallar hazırda ən çox müzakirə olunan mövzulardan biridir.
Mövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, sosial şəbəkələrdə tez-tez süni düyü ilə bağlı videolara mən də rast gəlirəm. Onun sözlərinə görə, elə görüntülər paylaşılır ki, düyü sanki rezin kimi tullanır, sıxılıb top olur və ya odda qəribə şəkildə əriyir: “Bu da bir çoxumuzda təbii olaraq şübhə yaradır. Amma burada bir məqam var ki, bu cür görüntülərin çoxu düzgün izah edilmir. Düyü tamamilə təbii bir məhsuldur. Onun tərkibində əsasən nişasta, yəni amiloza və amilopektin var. Bişmiş düyü sıxıldıqda bir az yapışqan və elastik hiss verməsi normaldır. Xüsusilə yapışqan düyü növlərində bu daha çox görünür. Hətta bəzi Asiya ölkələrində ondan moçi kimi elastik şirniyyatlar da hazırlanır.
Eyni şəkildə, düyü odda yandırılanda da təbii olaraq kömürləşir, tüstü çıxarır. Bu onun üzvi maddə olmasından irəli gəlir. Bəzən qoxunun qəribə, hətta plastikə bənzər hiss olunması da yanma zamanı yaranan kimyəvi dəyişikliklərlə bağlıdır.
Əslində plastik düyü kimi iddialar iqtisadi və texniki baxımdan məntiqli görünmür. Belə bir məhsulu istehsal edib düyü kimi satmaq realda çox daha baha başa gələrdi. Heç bir kommersiya məqsədi buna uyğun deyil.
Amma qida sahəsində başqa risklər var. Məsələn, çox köhnə və ya düzgün saxlanılmamış düyülərin keyfiyyətini gizlətmək üçün bəzi hallarda ağardıcı maddələrdən istifadə edilməsi, ya səthinə parlaqlıq verən qatqılar vurulması kimi problemlər dünya bazarında rast gəlinir. Bu da şayiələrin yaranmasına səbəb ola bilir.
Düyü alarkən diqqətli olmalıyıq. Açıq satılan, mənşəyi bilinməyən məhsullar yerinə qablaşdırılmış, üzərində istehsalçı və partiya məlumatı olan düyülərə üstünlük vermək daha doğrudur. Çox ucuz qiymətə satılan məhsullar da bəzən keyfiyyət və saxlanma baxımından riskli ola bilər.
Digər vacib məqam isə gigiyena və saxlanma şərtləridir. Düyü təbii olaraq bəzi bakteriyaların sporlarını daşıya bilər. Əgər bişmiş düyü otaq temperaturunda uzun müddət qalarsa, bu bakteriyalar aktivləşib qida zəhərlənməsinə səbəb ola bilər. Ona görə bişmiş düyünü çox saxlamamaq və düzgün soyudub saxlamaq vacibdir”.
- Fidan Abbaszadə






