24media.az-ın budəfəki müsahibi sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovadır. O, Ramazanda düzgün qidalanma və bədənə qulluqdan danışıb.
Müsahibimiz Ramazan ayının yalnız qida ilə bağlı məhdudiyyətlərdən ibarət olmadığını vurğulayır.
Ramazan ayı insanların nəfsini idarə etməsi, Allaha yaxın hiss etməsi və mənəvi təmizliyə nail olması üçün bir fürsətdir. Ancaq bu müddət ərzində düzgün qidalanmaq da önəmlidir. Oruc tutanlar iftar və sahurda balanslı, sağlam seçimlər etməklə həm aclıq hissini daha rahat idarə edə, həm də sağlamlığı qoruya bilərlər.
İftar: Sağlam və tarazlı qidalanma
Uzun müddət ac qalan orqanizmə birdən-birə çox yüklənmək həzm sisteminə mənfi təsir edə bilər. Buna görə də iftar yüngül və həzmi asan qidalarla açılmalıdır. Çox yağlı, qızardılmış, ağır qidalar həzm sistemini çətinləşdirir. Daha faydalı olanlar isə:
İsti və yüngül yeməklər – Şorba və ya qaynadılmış tərəvəzlər mədəni rahat saxlayır.
Zülal mənbələri – Qızardılmamış ət, balıq və ya toyuq əzələ sağlamlığını qoruyur.
Aralıq vaxt qoymaq – Yeməkdən dərhal sonra desert və çay içmək əvəzinə, bunları 40-45 dəqiqə sonra qəbul etmək daha faydalıdır.
Sahur: Uzunmüddətli toxluq verən qidalar
Sahurda əsas məqsəd bədəni gün ərzində tox saxlamaq və susuzluğun qarşısını almaqdır. Bunun üçün aşağıdakı qidalar tövsiyə olunur:
Süd və süd məhsulları– Xüsusilə, az duzlu pendir bədəndə su balansını qoruyur.
Tam buğda çörəyi və yulaf – Uzun müddət toxluq hissi yaradır.
Sadə çərəzlər – Qoz, badam və fındıq enerji mənbəyidir, ancaq miqdarı bir ovucu keçməməlidir.
Bol su içmək– Sahurda su qəbul etməmək gün ərzində baş ağrısı və yorğunluq yarada bilər.
Oruc zamanı susuzluq və sağlamlıq problemləri
Gün ərzində su içməmək orqanizmdə maye çatışmazlığına səbəb olur. Bu, yorğunluq, baş ağrısı və həzm problemləri yarada bilər. Buna görə də iftardan sahura qədər mümkün qədər çox su içmək vacibdir. Həmçinin az lifli qidalar qəbul etmək qəbizliyə səbəb ola bilər, buna görə də iftar və sahurda tərəvəzlərə yer vermək tövsiyə olunur.
Son olaraq, Məhsəti xanım fiziki aktivliyin də vacib olduğunu əlavə edir.
Uzun müddət hərəkətsiz qalmaq orqanizmin “tənbəlləşməsinə” səbəb olur. Həmçinin yuxu saatlarının düzgün tənzimlənməsi vacibdir. Sahurdan əvvəl kifayət qədər yatmaq bədəni daha enerjili saxlayır.
Ramazan ayının ilk günlərində orqanizm dəyişikliklərə uyğunlaşmağa çalışır, buna görə də bəzi mədə narahatlıqları normaldır. Ancaq doğru qidalanma seçilərsə, bu dövr sağlam və rahat keçəcək.
- Abbaszadə Fidan