Qida təhlükəsizliyi Hərəkatının rəhbəri və sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova QHT.az-a verdiyi açıqlamada qliserin tərkibli məhsulların uzun müddət istifadəsinin sağlamlıq problemlərinə səbəb ola biləcəyini vurğulayıb.
Xüsusilə, azyaşlı uşaqlar, yaşlı insanlar və xroniki xəstəliyi olan şəxslərin bu məhsullardan istifadə etməmələrinin vacib olduğunu qeyd edib:
“Uzun müddət qliserin tərkibli məhsulların istifadəsi xüsusilə risk qrupuna aid olan azyaşlı uşaqlarda, yaşlı insanlarda və xroniki xəstəliyi olan şəxslərdə sağlamlıq problemlərinə səbəb ola bilər. Sağlam həyat tərzinə önəm verən insanlar tərkibində qliserin olan qida məhsullarını və içkiləri çox qəbul etməməli, məhsulların tərkibində bu maddənin mövcudluğuna diqqət yetirməlidirlər. Qliserinin bəzi ölkələrdə istifadəsinə icazə verilsə də, inkişaf etmiş ölkələrdə hamilə və süd verən qadınlara tövsiyə olunmur. Həddindən artıq qəbul edildikdə ürəkbulanma, baş ağrısı, orqanizmin susuzlaşması və yüksək təzyiq kimi problemlərə yol aça bilər. Bəzi dərmanların tərkibində də qliserin mövcuddur və inyeksiya yolu ilə qəbul edildikdə ciddi fəsadlar törədə bilər”.
Müasir dövrdə qida və dərman sənayesindəki çeşid bolluğu nəticəsində istehlakçılar arasında çaşqınlıq yarandığını qeyd edən Məhsəti Hüseynova valideynlər və istehlakçılara tövsiyə edib:
“Valideynlər, xüsusilə azyaşlı uşaqları olanlar, onlara verilən qida və dərmanların tərkibini diqqətlə yoxlamalıdırlar. Uşaqların inkişaf dövründə qəbul etdikləri qida və dərmanların kimyəvi qatqılar ehtiva edib-etmədiyini araşdırmaq vacibdir. Hər bir insanın orqanizmi fərqli reaksiya verə bilər, bəzi qidalar bəziləri üçün zərərsiz olduğu halda digərləri üçün ciddi allergik reaksiyalara və hətta həyati təhlükəyə səbəb ola bilər. Müasir dövrdə qida və dərman sənayesində çeşid bolluğu bəzi hallarda istehlakçılar arasında çaşqınlıq yaradır. Valideynlər və digər istehlakçılar həkimlər tərəfindən tövsiyə edilən hər bir dərman və ya qida əlavəsini almadan öncə tərkibini araşdırmalı, internet resurslarından və digər etibarlı mənbələrdən məlumat əldə etməlidirlər”.
- Abbaszadə Fidan