Qida təhlükəsizliyinə təhdid olan amillər – Nə etmək lazımdır? – Mütəxəssis detallara toxundu

Asim Vəliyev
0 Shares

7 İyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür.

Ərzaq təhlükəsizliyi qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlıdır. Qida ilə əlaqədar risklər insanların sağlamlığı ilə yanaşı, dünya iqtisadiyyatına da mənfi təsir göstərir.
Mövzunun əhəmiyyəti barədə Ednews-a danışan qida təhülkəsizliyi üzrə ekspert Asim Vəliyevin sözlərinə görə, qida təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsidir. Bu sahə hər bir dövlətin qarşısından duran prioritet məsələlərdəndir. Ekspert günümüzdə qida təhlükəsizliyinə təhdid olan amillərdən danışıb.

“Hər il dünyada milyondan çox insan qida qaynaqlı xəstəliklərdən dünyasını dəyişir. Dünyada 800 milyondan çox insan aclıq səviyyəsindədir. Əvvəllər 50 yaşdan yuxarı insanlarda müşahidə etdiyimiz xəstəliklər gün keçdikcə cavanlaşır. Sağlam bir cəmiyyətə malik olmaq istəyiriksə, tarladan, hətta fermadan süfrəyədək qida təhlükəsizliyini əhatə edən bütün mərhələlərdə nəzarət mexanizmini gücləndirməliyik. Sənaye üsulu qida istehsalı, qida çeşidinin artması, hərəkətli həyat tərzindən oturaq həyata keçid, iqlim dəyişikliyi, ətraf-mühitin çirklənməsi, əkinə yararlı torpaq sahələrinin azalması, su israfı, yerli-ənənəvi toxumların sıradan çıxarılaraq idxal hibrid, genetik müdaxiləyə məruz qalmış toxumlara əsaslanan kənd təsərrüfatı və s. qida təhlükəsizliyini təhdid edən amillər sırasındadır”.

Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsində görülən işlərdən danışan A.Vəliyev qeyd edib ki, 2018-ci ildən fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tarladan-süfrəyədək qida təhlükəsizliyinin bütün mərhələlərində nəzarəti təmin edir, ölkə əhalisinin təhlükəsiz qida əldə etməsinə dair müvafiq tədbirlər görür.
Ekspert əlavə edib ki, 2023-cü ilin yanvar ayından etibarən qüvvəyə minən ”Qida Təhlükəsizliyi haqqında Qanun” qida təhlükəsizliyinin təmin olunması istiqamətində beynəlxalq təcrübəyə əsaslanan ciddi bir addımdır.

“Təbii ki, hər sahədə olduğu kimi qida təhlükəsizliyinin təmin olunması ilə bağlı bir sıra çatışmazlıqlar da mövcuddur. Bu çatışmazlıqların aradan qaldırılmasında AQTA və vətəndaş cəmiyyəti institutlarının birgə əməkdaşlığı fonunda ictimai nəzarətin gücləndirilməsi böyük rola malikdir. Həmçinin istehlakçıların öz hüquqlarını bilməməsi, bu istiqamətdə maarifləndirmə işlərinin az olması istehsalçıların hiyləyə əl atmasına, yararsız və təhlükəli qida məhsullarını bazara çıxarmasına zəmin hazırlayır”.

A.Vəliyev qida ilə əlaqədar risklərin dünya iqtisadiyyatına mənfi təsirləri məsələsinə də toxunub. O bildirib ki, süni müdaxilə olmasa dünyada qida çatışmazlığı deyə bir problem də yaşanmaz.

“Əksinə, ədalətsiz bir bölgü var. Bu gün statistik hesabatlara nəzər salsaq görərik ki, yalnız Amerika və İngiltərədə bir ildə zibilliyə atılan qidalarla dünyada ac olan 800 milyon insanı doyura bilərik. Eyni mənzərə ölkəmizdə də mövcuddur”.

Qida ilə bağlı riskləri minimuma endirmək üçün istehlakçıların hüquqlarına dair maarifləndirmə işlərinin gücləndirilməli olduğuna diqqət çəkən ekspert qeyd edib ki, bu işdə ölkəmizdə AQTA-QHT-Media əməkdaşlığı effektiv təsirə malik ola bilər.

“Yerli istehsal dəstəklənməli və dayanıqlıq təmin olunmalıdır. Bir çox hallarda yerli istehsalçılar və fermerlər dövlət dəstəyindən faydalana bilmir, tez zamanda sıradan çıxır, bununla da idxal yükümüz artır”.

Son olaraq A.Vəliyev əlavə edib ki, yerli toxumlara və yerli sortlara əsaslanan kənd təsərrüfatının inkişafı dəstəklənməlidir.

“İdxal toxumlar əksərən hibrid qısır toxumlar olduğundan fermer beynəlxalq toxum şirkətlərindən asılı hala düşür və bu onun təsərrüfatına mənfi təsir göstərir. Növbəti addım olaraq bu sahədə ictimai nəzarəti gücləndirmək üçün ictimai vəkillik təşkil etmək lazımdır”.