Qazlı içkilərin törətdiyi fəsadlar! Hansı xəstəliklərə səbəb olur?

0 Shares

“Enerji, qazlı və rəngli içkilər artıq gündəlik vaz keçilməz içkilərdən sayılır. Xüsusilə inkişaf etməkdə olan gənc nəslin bu kimi içkilərə həddindən artıq meyl göstərməsi bir sıra sağlamlıq problemlərinə gətirib çıxara bilir”. 

Bu sözləri “İnformator.az”a açıqlamasında sağlam qida təbliğatçısı Asim Vəli söyləyib. O, qeyd edib ki, enerji içkilərinin tərkibində olan kofein orqanizmdə maye itkisinə səbəb olur və ürək döyüntülərini artırır. 

“Xüsusilə isti havalarda orqanizmin itirdiyi suyu rəngli və qazlı içkilərlə əvəz etməyə çalışmaq təzyiqin yüksəlməsinə, ürək çatışmazlığı olan xəstələrdə isə orqanizmdə maye yığılmasına səbəb olur. Bu içkiləri çox qəbul etmək ürəkdə döyüntü, əllərdə titrəmə, hətta bəzi hallarda ölüm hallarına gətirib çıxara bilər. 

Stimullaşdırıcı özəllik daşıyır və kafeinin təsirini artırır. Hətta asılılıq da yarada bilir. Enerji içkilərinin tərkibində olan yüksək miqdarda şəkər və kalori ürəyimizə zərər verə bilər. Bu içkilər çox qəbul edilərsə, çəki artımına, dolayısı ilə obezitəyə və tip 2 diabetə səbəb ola bilir”.

Ekspertin fikrincə, enerji içkilərinin spirt ilə qarışdırılaraq qəbul edilməsi təhlükəli haldır.

“Spirt sinir sistemini yavaşladır, təzyiqi aşağı salır və diqqət dağınıqlığına səbəb olur. Enerji içkiləri isə əksini edir. Beləliklə, daha çox spirt qəbuluna səbəb olur. Nəticədə spirt zəhərlənməsi baş verə bilir”.

Asim Vəli sözügedən içkilərin bir çox ciddi xəstəliklərə səbəb olduğunu vurğulayıb.

“Qazlı və rəngli içkilər şəkərdən qatbaqat daha şirin dadlandırıcılar ehtiva etdiyi üçün sağlamlığa zərər verir, heç bir halda qidalandırıcı və faydalı deyil. Həmçinin dadlandırıcı olaraq istifadə olunan aspartam maddəsi qüsurlu doğumlar, epilepsiya kimi xəstəliklərə səbəb olur. Bu içkilər xüsusilə uşaqlar üçün böyük təhlükə qaynağıdır. 

Tərkibində olan fosfor turşusu orqanizmin kalsiumu istifadəsinə icazə vermir və bir sıra xəstəliklərə səbəb olur. Bunlardan ən başlıcası osteoporoz və diş xəstəlikləridir. Qazlı içkilər sümüklərin güclənməsinə mane olur, deformasiyalara səbəb olur. Digər bir maddə olan kofein yuxusuzluq, əsəbiliyə səbəb olur. Qazlı və rəngli içkilərdə istifadə olunan natrium benzoat maddəsi qida sektorunda qoruyucu antimikrobial maddə olaraq istifadə olunan və məhsulun rəf ömrünü uzadan kimyəvi bir duzdur. Bu içkilərdə mövcud olan turşu və şəkər diş minasını zədələyir. Diş çürükləri sinirlərə, diş kökünə və ya dişin alt hissəsində olan hissəyə çatdıqda diş özü toxumasının ölməsinə də səbəb olur. Bu vəziyyət dərhal müalicə edilmədikdə diş və diş əti absesinə gətirib çıxarır. Yüksək dozada fruktozalı qarğıdalı siropu ehtiva edir. 

Bu maddə eyni zamanda ürək xəstəlikləri və diabetə səbəb olan metabolik narahatlıq risklərini yüksəldir. Həmçinin fosfor duzları uzun müddətdə böyrək narahatlıqlarına gətirib çıxara bilir. Fosfor turşusu və yüksək miqdarda fosfat uzun müddətdə osteoporoz riskini yüksəldir və sümük qırılmalarına səbəb olur. Fosfor idrarla xaric edildikdə kalsium maddəsinin də itkisinə gətirib çıxarır. Aparılan araşdırmalar qazlı və rəngli içkilər obezitə olma riskini 1.6 dəfə artırır. Ürək-damar xəstəlikləri böyük əksəriyyətlə obezitə ilə əlaqəlidir. Tip 2 diabetə yaxalanma riski yüksəkdir”. 

Müsahibin sözlərinə görə, sağlamlıq üçün ehtiyac duyulan maye enerji, rəngli və qazlı içkilər deyil. Bunun əvəzinə çəkimizə uyğun su qəbul etməliyik. Əgər suyun dadı xoşunuza gəlmirsə, içərisinə mövsümünə uyğun meyvə dilimləri salaraq içə bilərsiniz.

  • Hüseynli Nərgiz