PSİXOLOQ PEDAQOQ VƏ TƏHSİL İŞÇİLƏRİNİN HƏMRƏYLİYİ FORUMU

0 Shares

Təhsil və Psixologiya… Bu iki anlayış bir-biri ilə qarşılıqlı vəhdət təşkil etdikdə mədəniyyət, sağlam təfəkkür, savadlı gənclik bir günəştək daima parlayır. Cəmiyyətin bu istiqamətdə sözün əsl mənasında maarifləndirilməsi və doğru mövqeyə yönəlməsinə bu gün zərurət yaranıb. Məhz bu səbəbdən də hər zaman təhsilimizin uğurlu və gələcəyimizin günəş kimi daim parlaması uğrunda bütün qüvvəsini səfərbər edən Green Start Academy dayanmadan çalışır. Bu forumun da mahiyyəti gücümüzü və həmrəyliyimizi bir daha sübut etməkdən ibarətidi.  

Nəhayət, çoxdandır səbirsizliklə gözlədiyimiz gün gəlib çatdı. Qeyd etdiyimiz tarixdə Green Start Academy Psixologiya Təlim və İnkişaf Mərkəzi və tərəfdaş təşkilat Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin birgə təşkil etdiyi “Psixoloq, Pedaqoq və Təhsil İşçilərinin Həmrəyliyi Forumu” iştirak edən hər kəsin marağına səbəb oldu. Bu foruma gələn qonaqlar spikerlərin maraqlı çıxışlarını izləyərək axtardıqları bir çox suallara cavab tapmış oldular. Təhsil və müasirlik, uşaqlarda, yeniyetmələrdə psixoloji problemlərin həlli, uşaqlarla sevərək işləməyi bacaran yaxşı mütəxəssis olmağın sirləri, uşaqların dünyasında müsbət izlər buraxmağın incəlikləri və s. bu kimi bir çox mövzular əsasında çıxış edən spikerlər günümüzdə aktual olan məsələlərə aydınlıq gətirdilər. 

Forumda qardaş Türkiyədən dəvət edilən qonaq ailə-uşaq-yeniyetmə psixologiyası sahəsində çalışan uzman psixoloq Bahar Dıramalı Tekespiker qismində iştirak edirdi. Bundan əlavə pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova, dosent Məhərrəm Əliyev, Senay Psixologiya Mərkəzinin metodisti Aysel Arastunqızı da çıxış edən spikerlər sırasında idi. Green Start Academy Psixologiya Təlim və İnkişaf Mərkəzinin həmtəsisçi-direktoru pedaqoq Aysel Rəsulzadə və Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin təsisçi direktoru ailə-uşaq psixoloqu Vüsalə Əmiraslanova Foruma ev sahibliyi etməklə yanaşı, ilkin olaraq adları qeyd edilən spiker qonaqlara çıxış etmək üçün şərait yaratdılar. Daha sonra isə Aysel xanım və Vüsalə xanım da hazırladıqları maraqlı mövzular əsasında öz çıxışları etdilər. Fərqli və orijinal çıxışları ilə izləyicilərin görüşünə gələn  spikerlər psixologiya və pedaqogika sahəsinə aid maraqlı mövzulara toxunaraq Foruma xüsusi rəngarənglik qatdılar. Bu orijinallığın fərqinə varan, zamanını doğru istiqamətdə dəyərləndirməyi bacaran Forum iştirakçıları əlbəttə ki, bundan xüsusi zövq aldılar. 

Forumda peşəkar mütəxəssislər öz fikirlərini bölüşərək təhsil, psixologiya və pedaqogika sahəsi istiqamətində problemlərin həllinə aydınlıq gətirdilər. Çıxış edən pikerlərin məqsədi gələcək nəslin sağlam yetişməsinə dəstəkçi olmaq, bu günün fidanlarını qorumaq  gələcək çinarların yetişməsinə müvəffəq olmaqdan ibarət idi.

Çıxışlar arası spikerləri dinləmək üçün diqqəti cəmləşdirməyə kömək edən bir sağlamlıq xidməti təqdim olundu – Yoqa; Greeen Start Academy-nin yoqa mütəxəssisi, Cənubi Azərbaycandan – təbrizli Zeynəb Təqvayinintəqdimatında “Yoqanın təhsilin inkişafına təsiri” adlı psixoloji söhbət və meditasiya baş tutdu.

Foruma rəng qatan məqamlardan biri də M.Maqomayev adına 11 illik musiqi məktəbinin Fortopiano şöbəsinin müəllimi, Green Start Academy-nin Musiqi  şöbəsinin rəhbəri, bəstəkar Lalə Şirin və tələbələrinin ifaları oldu. Lalə xanımın istedadlı tələbələrindən Bakı şəhəri Müslüm Maqomayev adına onbirillik musiqi məktəbinin kanon sinfinin şagirdi, eyni zamanda Respublika və beynəlxalq müsabiqələr laureatı Dəniz Fərəcova musiqisi Lalə Şirinə məxsus “Xarıbülbülün nəğməsini” kanonda ifadə etdi. Bundan əlavə, Bakı Musiqi Akademiyasının 3 kurs tələbəsi Xanım Nağıyeva sözləri Aslan Aslanova, musiqisi Lalə Şirinə məxsus “İlk müəllimim” mahnısını, Bakı şəhəri Müslüm Maqomayev adına 26 saylı onbirillik musiqi məktəbinin kiçik xor kollektivi sözləri Nəriman Həsənzadəyə, musiqisi Lalə Şirinə aid olan “Dünyam mənim Azərbaycan” mahnısını ifa edərək konfrans iştirakçılarına xoş anlar bəxş etdilər. Konfrans boyu Bakı Gənclər Mərkəzində təşkil olunan möhtəşəm forumun sonunda isə hər zaman olduğu kimi təşəkkürnamələr və sertifikatların təqdimatı keçirilərkən, tort kəsimi zamanı qonaqlarla fotosessiya da baş tutdu. 

Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. (H.Əliyev)

  • Hüseynli Nərgiz