“Plastik düyü” iddiaları nə dərəcədə doğrudur? – Sağlam qida mütəxəssisi Asim Vəliyev açıqladı:

Screenshot
0 Shares

Ötən gün sosial şəbəkələrdə yayılan görüntülərdə vətəndaşın aldığı düyünün plastik materiala bənzədiyi iddia edilir. Belə hallarda qida məhsulunun tərkibində süni maddələrin olub-olmadığını müəyyən etmək üçün hansı elmi-laborator analizlər aparılır və Azərbaycanda bu cür məhsullar üzərində nəzarət mexanizmləri nə dərəcədə effektivdir?

Patrul.az-ın suallarını cavablandıran sağlam qida mütəxəssisi Asim Vəliyev bildirib ki, belə halların dəqiqləşdirilməsi yalnız laborator analizlər vasitəsilə mümkündür:

“Sosial şəbəkələrdə yayılan və düyünün plastikə bənzədildiyi iddia edilən hallarda, məhsulun həqiqətən süni maddə olub-olmadığını dəqiqləşdirmək üçün infraqırmızı spektroskopiya, qaz xromatoqrafiyası-kütlə spektrometriyası və termiki analiz kimi qabaqcıl instrumental fiziki-kimyəvi analizlər aparılır. Ölkəmizdə bu cür qida təhlükəsizliyi məsələlərinə nəzarət mexanizmləri Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir”.

Mütəxəssisin sözlərinə görə, istehlakçıların plastik hesab etdiyi düyü dənələri əksər hallarda sintetik material olmur:

“Vətəndaşın vizual olaraq plastikə bənzətdiyi düyü dənələri adətən sintetik deyil. Sadəcə olaraq texnoloji emaldan keçmiş təbii düyü məhsulları, ya aşağı keyfiyyətli qırıntı düyülərin nişasta bərkidiciləri ilə formaya salınmış formaları ola bilər”.

Asim Vəliyev istehlakçılara düyü alarkən diqqətli olmağı tövsiyə edib və bəzi vacib məqamlara diqqət çəkib:

“Bir istehlakçı olaraq marketdə düyü seçərkən diqqtə etməli olduğumuz bəzi məqamlar var. Çox ucuz qiymətə satılan, qeyri-adi dərəcədə hamar və parıltılı şübhəli məhsullardan uzaq durmalıyıq. Məhsulun üzərindəki etiketdə mənşə ölkəsi, istehsalçı müəssisə və uyğunluq sertifikatlarının qeyd olunmalıdır. Əgər şübhəmiz varsa, düyünü qaynadarkən, ya su ilə yuyarkən müşahidə apara bilərik. Təbii düyü suda bişərkən yumşalır və nişasta buraxır. Plastik materiallar isə suda ərimir və fərqli struktur dəyişikliyi göstərmir. Əmin olmaq üçün az miqdarda düyünü quru tavada qızdıra bilərik. Təbii düyü qovrulub qoxu verəcək, plastik isə əriyəcəkdir”.

  • Fidan Abbaszadə