Oruc tutan şəxslər bu məqamlara diqqət etməlidir – EKSPERT Məhsəti Hüseynovadan AÇIQLAMA/ÖZƏL

0 Shares

Ramazanda oruc tutarkən bir çox məqamlara diqqət etməliyik. Mövsümə görə orucluq müddəti 16-18 saata qədər dəyişir. Ramazan ayında oruc tutan hər bir insanın gündəlik qida rasionunda makro və mikro elementlər balanslaşmış şəkildə olmalıdır. Bu da hər bir insanın yaşına, cinsinə, fiziki aktivliyinə görə dəyişir. Ona görə də hər bir insanın qəbul edəcəyi su, karbohidrat, yağ, vitamin və mineralların miqdarı fərqlidir.

Bu sözləri “İki sahil”ə açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova dedi.

İftarda çox qızardılmış, həddən artıq duzlu qidalar yeyilməməlidir

M.Hüseynova bildirdi ki, imsak və iftar zamanı qəbul ediləcək qidalar öncədən planlamalıdır: “İlk növbədə həm imsak, həm də iftar vaxtı qidalanmaya başlayarkən mütləq su içilməlidir. Suyun qəbul edilmə miqdarı insan çəkisinin 1 kiloqramına görə 30 milli olaraq hesablanır. Lakin artıq çəkili şəxslərdə hesablama belə aparılmır. Çünki qəbul edilən çox su böyrək çatışmazlığına səbəb ola bilər. Ortalama hesabla bir insan gün ərzində orqanizmin suya olan tələbatını ödəməsi üçün 7-8 stəkan su içməlidir. Su yeməklərdən təxminən 1 saat sonra da qəbul olunmalıdır. Təmiz su, ayran, meyvə-tərəvəzin tərkibindəki maye bədənimizin ehtiyacı olduğu su miqdarını təmin edir.

Lakin çay, kofe, rəngli qazlı içkilər, hazır şirələr insanın maye təlabatını ödəmir. İftarda sudan sonra daha yüngül qidalar, pendir, xiyar, pomidor və s. kimi yerli mövsümi tərəvəzlər, şorbalar, ardınca ana yemək qəbul oluna bilər. Bəzən insanlar birbaşa ana yeməyə keçirlər. Bu isə lazım olan maye miqdarının insan orqanizminə daxil olmasına imkan vermir və qəbul olunan qidalar düzgün şəkildə həzm olunmur. Həmçinin, iftarda ağır və çox qızardılmış, həddən artıq duzlu qidalar yeyilməməlidir. Çünki həddən artıq ac qalmaq orqanizmi susuzlaşdırır ağır və çox qızardılmış qidalar isə prosesi ağırlaşdırır. Ağır yeməklər isə həzm prosesini çətinləşdirir və ağrılara səbəb olur. Qidaların tərkibində həftədə 2 dəfə qırmızı ətə, 2 dəfə quş ətinə, 2 dəfə balıq ətinə xüsusilə yer verilməlidir”.

İmsakda pendir, yağ, kəsmik, xama, qatıq qəbul oluna bilər

Mütəxəssisin sözlərinə görə, imsakda pendir, yağ, kəsmik, xama, qatıq qəbul oluna bilər. Həmçinin, yumurta uzun müddət doyumlu və zəngin tərkibli olduğundan istifadə edilə bilər. İmsakda tərəvəz yemək qəbzliyin qarşısını alır və bağırsağın hərəkətliliyində mühüm rol oynayır.

Açıq havada gəzmək lazımdır

M.Hüseynova onu da bildirdi ki, oruc tutmuş işləyən insanlar gün ərzində mütləq açıq havada vaxt keçirməlidirlər. Belə halda onlarda başağrı problemi olmayacaq və orucu daha rahat keçirəcəklər. İşləməyən əksər insanlar orucu davamlı şəkildə uzanaraq keçirir. Bu isə daxili orqanların funksiyalarının və hormonal balansın pozulmasına səbəb olur.

  • Hüseynli Nərgiz