Mikroplastiklər sağlamlığımıza necə təsir edir? – Mütəxəssis Məhsəti Hüseynova AÇIQLADI:

0 Shares

Son illərdə mikroplastiklər ətraf mühitin ən ciddi problemlərindən birinə çevrilib. Gündəlik istifadə etdiyimiz plastik məhsullar zamanla parçalanaraq çox kiçik hissəciklərə – mikroplastiklərə çevrilir və suya, havaya, hətta qida zəncirinə daxil olur. Aparılan araşdırmalar göstərir ki, bu hissəciklər insan orqanizminə daxil olaraq müxtəlif sağlamlıq riskləri yarada bilər.

Mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “İnformator.az”a bildirib ki, qeyd etmək lazımdır ki, plastik qablar, qida və su üçün istifadə olunan qablaşdırmalar, eləcə də geyim sənayesində geniş yayılmış sintetik materiallar artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib:

“Bu məhsulların böyük hissəsi mikroplastik tərkiblidir və insan ətrafında davamlı şəkildə mövcuddur. Onların təsiri dərhal hiss olunmasa da, zamanla orqanizmdə toplanaraq sağlamlıq üçün risk yaradır. Müasir dövrdə iqlim dəyişiklikləri və plastik tullantıların ətraf mühitə təsiri bu problemin daha ciddi xarakter aldığını göstərir. Xüsusilə, qida məhsullarının plastik qablaşdırmada saxlanılması və uzun müddət həmin vəziyyətdə qalması təhlükə yaradır. Bu cür qablar əsasən qısa müddətli istifadə üçün nəzərdə tutulsa da, ev şəraitində onlardan təkrar istifadə halları geniş yayılıb. Temperatur dəyişiklikləri zamanı isə plastik tərkibli hissəciklər qida və suya keçə bilir. Gündəlik vərdişlərdə kiçik dəyişikliklər bu riskləri azaltmağa kömək edə bilər. Məsələn, mövsümi və yerli məhsullara üstünlük vermək, açıq şəkildə satılan meyvə-tərəvəzləri düzgün şəkildə təmizləyərək istifadə etmək daha sağlam seçimdir”.

O, həmçinin bildirib ki, plastik qabda alınan qidaları isə evə gətirdikdən sonra başqa qablara köçürmək məqsədəuyğundur. Su istehlakında da alternativlər mövcuddur:

“Plastik butulkalar əvəzinə şüşə qabların istifadəsi daha təhlükəsiz sayılır. Plastik qabdan istifadə qaçılmaz olduqda isə onun yüksək temperatur və günəş şüası ilə təmasda olmamasına diqqət yetirilməlidir və belə qablar uzunmüddətli istifadə üçün uyğun hesab olunmur. Geyim seçimində də diqqətli yanaşma vacibdir. Sintetik parçalar yuyulma və istifadə zamanı mikrohissəciklər buraxır. Bu səbəbdən pambıq, yun və kətan kimi təbii liflərdən hazırlanan geyimlərə üstünlük verilməsi daha məqsədəuyğundur. Təkrar emal olunmuş materiallardan hazırlanan məhsullar “ekoloji” kimi təqdim edilsə də, onların da müəyyən riskləri mövcuddur. Ətraf mühitin qorunması baxımından plastik tullantıların düzgün idarə olunması xüsusi əhəmiyyət daşıyır. Bu materialların təbiətdə uzun müddət qalması ekosistemə ciddi zərər verir. Ona görə də tullantıların çeşidlənməsi və təkrar emala yönləndirilməsi vacib addımlardandır. Plastikdən tam imtina etmək hazırkı şəraitdə real olmasa da, istifadənin azaldılması və daha məsuliyyətli davranış mümkün və vacibdir. Məhsul seçərkən tərkib və qablaşdırma xüsusiyyətlərinə diqqət yetirmək bu istiqamətdə mühüm rol oynayır. Nəticə olaraq, mikroplastik problemi həm fərdi, həm də qlobal səviyyədə diqqət tələb edir. Maarifləndirmə, düzgün istehlak vərdişləri və davamlı yanaşma bu sahədə müsbət dəyişikliklərin əsasını təşkil edir”.

  • Fidan Abbaszadə