“İstisu”yu içməyin faydaları olduğu kimi zərərləri də var – Tanınmış ekspert Məhsəti Hüseynovadan vacib MƏSLƏHƏTLƏR!

0 Shares

Məlum məsələdir ki, təbii sular insan üçün faydalıdır. Ölkəmizdə bu sulardan biri satışa yeni çıxarılan Kəlbəcərin “İstisu”yudur. Bu mayenin xarici olmaqla, həm də daxili xeyirləri çoxdur. 

Bəs “İstisu”yun hansı faydaları var?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovabildirdi ki, “İstisu”yu təbii süfrə suyundan fərqləndirən cəhətlər tərkibindəki kimyəvi maddələrin çox olmasıdır.

“Birinci növbədə onu bilmək lazımdır ki, Kəlbəcərin “İstisu”yu mineral sulardan hesab olunur və tərkibindəki kimyəvi maddələrin çox olması, eləcə də mineralların çox olması onu təbii süfrə suyundan fərqləndirir. Təbii süfrə suyu olmadığını mütləq şəkildə vurğulamaq lazımdır. Belə olan halda onun tərkibindəki kimyəvi elementlərin çoxluğu müalicəvi əhəmiyyətə malik olduğunu göstərir ki, mütləq şəkildə istifadə edərkən diqqət etmək lazımdır. Çünki isti suyun tərkibində dəmir, yod, fosfor, sink, mis, nikel, maqnezium, eləcə də yod-brom və yüksək miqdarda litium var. Bu maddələrin çox olması onların bir çox xəstəliklərin müalicəsində istifadə olunması və faydalı olmasını göstərir. Əsasən mədə-bağırsaq xəstəliklərində, həzm problemləri olan insanlarda, qaraciyər xəstəlikləri olan insanlarda, öd kisəsində və digər daxili orqanların müalicəsi zamanı “İstisu”dan istifadə etmək olar”.

Qida mütəxəssisi qeyd etdi ki, bu kimi təbii mineral sular uzun illərdir istər daxilə qəbul edərək xəstəliklərin müalicəsində, istər də xaricdən dəriyə istifadə edərək bir çox dəri xəstəliklərinin qarşısının alınmasında istifadə olunur.

“Bir çox hallarda da əsasən bu mineral sular mədə-bağırsaq, həzm sisteminin funksiyasının normallaşmasına xidmət edir. Eyni zamanda tərkibində kalsiumun maqneziumun çox olmasına görə də sümüklərdə, dişlərin sağlamlığında da çox önəmli rol oynayır və bir çox hallarda saçlarda kəpəklənmə problemi belə bu su ilə həll olunduğu da təsdiqlənmişdir. Qaynaqlarda və eyni zamanda da yenə də o mineralların təsirindən dəridə qabıqlama, qızartı, hər hansı allergik reaksiyaların aradan qaldırılmasında da istifadə olunur. Eləcə də səpkilərin quruyub daha tez zamanda sağalmasına kömək olur. Qan dövranının yaxşılaşmasında, yaşlılıqdan qaynaqlanan əzələ və oynaq ağrılarının aradan qalxmasında istifadə olunur”.

Məhsəti Hüseynovanın sözlərinə görə, bu kimi suları diqqətlə istifadə etmək lazımdır.

“Çünki tərkibində olan mineralların həddindən artıq çox olması belə bəzən gün ərzində çox miqdarda qəbul olunduqda böyrək problemlərinə gətirib çıxarda bilər. Eləcə də mədədə yanmaya, mədə turşuluğunun miqdarının artmasına gətirib çıxarda bilər. Çünki bəzən olur ki, insanlar bunu təbii süfrə suyu ilə qarışdırır, gün ərzində bir, bəzən isə iki fincandan artıq içmək tövsiyə olunmur. Artıq, yaxud bir litrdən artıq qəbul etdikdə isə orqanizmdə müəyyən fəsadlar törədə bilər. Xüsusilə xroniki xəstəlikləri olan, öddə daş olan, böyrəkdə daş olan insanlar daha ehtiyatla istifadə etməlidirlər. Digər bir məqam isə “İstisu”yu içərkən onun tərkibindəki qaz natrium təbii olduğuna görə orqanizm tərəfindən normal qəbul olunur və bir çox insanlar bunu digər sənaye üsulu qazlı sularla qarışıq salır ki, burda da əsas məqam odur ki, həmin sənaye üsulu ilə hazırlanan qazlı sularda əlavə süni şəkildə vurulan qaz ağırlığa gətirib çıxardır və yaxud da həmin sudakı qaz daha sərt şəkildə hiss olunur və eyni zamanda da ağıza müəyyən dad gəlir. Amma təbii “İstisu”da qaz normal şəkildə olduğuna görə ağızda xoşa gələn yumşaq bir dad olur və ağırlıq hiss olunmur ki, ona görə də bunun təbiiliyi bu məqamda da özünü göstərir”, – deyə mütəxəssiz əlavə etdi.

~Abbaszadə Fidan