“Ət qida rasionumuzun ayrılmaz qidasıdır. Ət qırmızı ət və ağ ət olaraq iki hissəyə bölünür. Qırmızı ətə inək, qoyun keçi ətini, ağ ətə isə toyuq, hinduşka, balıq, bildirçin, qaz ətini aid edirik. Qırmızı ətin tərkibində zülalla yanaşı orqanizm üçün faydalı vitamin, mineral və antioksidantlar var”. Bu fikirləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Asim Vəliyev bildirib.
Asim Vəliyev bildirib ki, mütəxəssislər kişilərə gündə 55 qram, qadınlara isə 45 qram zülal qəbul etməyi tövsiyə edir: “Uşaqların sağlam böyüməsi və inkişafı üçün də vacib qida olan qırmızı ət dəmirlə də zəngin bir qidadır. Qırmızı ətin tərkibi 75% su, 20% zülal, 3% yağ, 1% karbohidrat, 1% mineral maddə və vitamin ehtiva edir.
Qırmızı ət zülal, dəmir və sinklə yanaşı B qrup vitaminlər üçün də qaynaq təşkil edir. Dəmir tərkibi ilə qansızlığın qarşısını alır və tərkibindəki B12 vitamini sinir sistemi üçün də faydalıdır. Xüsusilə, inkişaf mərhələsində uşaqlar heyvan mənşəli zülalları qırmızı ətdən əldə etməsi vacibdir.
Qırmızı ətdə olan D vitamini uşaqların sümük inkişafına da faydalıdır.
Ümumdünya Səhiyyə Təşkilatına tabe Beynəlxalq Xərçəng Araşdırmaları İnstitutu gündəlik 100 qram, həftədə isə 500 qramdan çox bişmiş qırmızı ət yeyilməməsini tövsiyə edir.
Ancaq həddindən çox qırmızı ət qəbul etmək başda piylənmə (obezitə) olmaqla ürək-damar və şəkər xəstəliyi kimi bir sıra sağlamlıq problemlərinə də səbəb olur.
Sağlam qidalanma baxımından ağ ət keyfiyyətli zülal, az yağ və vitamin-mineral tərkibi ilə çox faydalıdır.
Toyuq əti yüksək bioloji dəyərə malikdir. Asan həzm olunur və zülalla, B qrup vitamin və dəmirlə zəngindir. Enerji dəyərinin aşağı olması, liflərinin qısalığına görə asan çeynənir və asan həzm olunur. Bu da uşaqlar və yaşlı insanlar üçün vazkeçilməzdir.
Ağ ət olan balıq əti də hamı üçün faydalı A, B və D vitaminləri ilə zəngindir. Tərkibindəki qoruyucu yağ turşuları ürək-damar xəstəlikləru üçün faydalıdır.
Ağ ətlərdən hinduşka əti B qrup vitaminlərlə zəngindir. Məsələn karbohidratları enerjiye çevirən B3 vitamini (niasin), xüsusilə sinir sistemi funksiyaları və həzm üçün çox faydalıdır. B12 baxımından zəngin olan toyuq əti qansızlığın qarşısını almaqda və hüceyrə inkişafı üçün faydalıdır. Həmçinin fosfor, kaliun, maqneziumla da zəngindir”.