Hansı qidalardan uzaq duraq? — Ekspert açıqladı

Qida
0 Shares

Səhiyyə Nazirliyi xaricdən gətirilən bəzi qidalaların genetikamıza uyğun olmadığını açıqlayıb. Nazirlik bildirib ki, manqo, avakado kimi meyvələr əvəzinə, yerli meyvə və tərəvəzlərin qəbulu səhhətimiz üçün daha faydalıdır. Xaricdən gətirilən, Azərbaycanda, ümumiyyətlə bölgəmizdə yetişməsi mümkün olmayan qidalarının insan orqanizminə hansı təsirləri ola bilər?

Bu barədə qida təhlükəsiziyi üzrə ekspert Asim Vəliyev Demokrat.az-a açıqlamasında bilinməyən bəzi məqamları bölüşüb.

“İnsanların genetik quruluşu min illərdir ki, təkamül prosesi keçərək, yaşadığı bölgənin ətraf mühitilə uyğunlaşıb. Məsələn, bir bölgədə yaşayan insanların orqanizmində o bölgənin yerli, ənənəvi qidalarını həzm etməkçün lazımi fermentlər olur. Bu, müəyyən qidalara qarşı toleranslığa təsir edə bilər”.

O qeyd edib ki, xaricdən gətirilən qidalar fərqli bölgələrdə yetişən və fərqli qidalanma tərzinə malik bitkilər və heyvanlardan əldə edilir. Belə qidalar yerli dietdən fərqli ola bilər və bəzi insanlar üçün həzm problemlərinə gətirib çıxara bilər.

“Məsələn, ədviyyatlar, otlar, meyvələr, tərəvəzlər və ya ət məhsulları kimi qidalar bəzi insanlarda allergik reaksiyalar, həzm problemlərinə səbəb olur. Bəzi insanlar bütövlüklə bütün qidaları rahat şəkildə qəbul edə bilir, bəziləri isə müəyyən qidalara qarşı həssas olurlar və ya həzm problemləri yaşayırlar. Bunun səbəbi fərdlərin genetik meyilliyi, bağırsaq mikrobiotası və digər amillərdən asılı ola bilər”.

A.Vəliyevin sözlərinə görə, bəzi xaricdən gətirilən qidalar istehsal prosesində istifadə olunan qatqı maddələri, qoruyucular və digər kimyəvi maddələrin təsiri nəticəsində bir çox insan üçün həzm problemlərinə səbəb olur.

“Avakado və manqo kimi meyvələr qida dəyəri baxımından çox zəngindir. Lakin bizim bölgələrə məxsus qidalar olmadığı üçün bəzi insanların səhhətində problem yarada bilər. Həzm problemləri, allergik reaksiyalar və ya digər həssas durumlar fərdlərin genetik qurluşu, vərdişləri və sağlamlıq vəziyyətinə görə dəyişə bilər”.

Törə Zeynallı
Demokrat.az