Evimizin soyuducusunda mütləq ki, dondurulmuş məhsullar da yer alır. Ya özümüz bir çox qidaları dondurub saxlayırıq, ya da marketlərdən hazır alırıq. Bu, ət, balıq, toyuq və digər ət məhsulları ilə yanaşı, meyvə və tərəvəzlər də olur. Lakin sözügedən qidaların istifadəsində yalnışlıqlara tez-tez yol veririk. Nəticədə müxtəlif xəstəliklər qapımızı döyür.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Missiya.Az-a açıqlamasında deyib ki, burada əsas amil soyuq qida zəncirində hansısa halqanın qırılmaması önəmlidir:
“Əgər dondurulmuş məhsulun saxlanılması, daşınması, temperatur rejimi dəyişirsə həmin temperatur rejiminin təsirindən qidanın tərkibindəki bakteriyalar sürətlə arta bilir. Eyni zamanda mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaranır ki, bu da gələcəkdə həmin məhsulu istehlak edən şəxslərdə zəhərlənmə, həzm sisteminin pozulması, eləcə də bir çox sağlamlıq problemləri ortaya çıxır. Ona görə də soyuq qida istehlak edərkən riayət olunmalı vacib məqam paketlənmiş məhsulun üzərində istehsal tarixi, tərkibi barədə məlumatlar yazılmalı, saxlanma şəraiti, temperatur rejimi göstərildiyi kimi həyata keçirilməlidir. Hər qida özünə uyğun qablaşdırmada olmalı, düzgün mal qonşuluğu prinsipinə əməl edilməlidir”.
Məhsəti Hüseynovanın sözlərinə görə marketlərdə soyuq qidaları alış-verişin ən sonunda almaq tövsiyə edilir:
“Mağazanın müxtəlif bölmələrində fərqli temperatur olduğuna görə uzun müddət qaldıqda dondurulmuş məhsulun donu açıldıqda belə tərkibində dəyişmələr baş verir və bu da onun keyfiyyətinə mənfi təsir edir. Hansısa qidanı istehlak edən zaman xüsusilə yarımfabrikat, ət məhsulları eləcə də xəmirdən hazırlanan qidalar var ki, onların saxlanma şəraiti, temperaturuna doğru riayət olunmalıdır. Qısa məsafə üçün daşınmada belə evə gəldikdə temperatur dəyişmədən dərhal soyuducuda mühafizə edilməlidir. Bir dəfə donu açılan məhsul həmin zaman da istehlak olunmalıdır. Əgər evdə dondurulacaqsa onda birdəfəlik istehlak ediləcəyi miqdarlarda dondurulmalıdır”.
~ Abbaszadə Fidan