“Dondurmanın tərkibindəki quru süd sağlamlıq üçün zərərlidir” – MÜTƏXƏSSİS Məhsəti Hüseynova DANIŞDI:

0 Shares

“Dondurma süd məhsuludur və süd də heyvan mənşəli qida olduğuna görə, istifadə olunan süd keyfiyyətli olmalı və sağlam heyvandan əldə olunmalıdır. Həmçinin baytar nəzarətindən keçən heyvanların südünün sağılması, saxlanılması, daşınması proseslərində sanitar-gigiyena qaydalarına əməl olunmalıdır. Əks təqdirdə zülal mənşəli olduğuna görə, daha tez xarab olacaq. Tərkibində mikroorqanizmlərin çoxalması ilə insan sağlamlığında bir çox fəsadlara yol açması gələcəkdə bir çox problemlərlə nəticələnə bilər”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.  O bildirib ki, bəzi dondurmaların tərkibində süd əvəzinə quru süd və ya sənaye üsulu ilə hazırlanmış süd yağı əvəzedicilərindən istifadə olunur ki, bunlar da bir çox sağlamlıq problemlərinə yol aça bilər: “Xronika xəstəliyi olan, allergiyaya meyilli insanlarda həzm sisteminin pozulması, bağırsaq mikroflorasının dəyişməsi, immun sisteminin aşağı düşməsi ilə nəticələnə bilər. Lakin son aparılan monitorinqlərin nəticəsi göstərdi ki, 26 istehsalçıya məxsus 69 dondurmadan götürülən dondurmaların nəticəsi 10 məhsulda nöqsanların aşkarlanması ilə nəticələnib. Həmçinin sözügedən məhsulların tərkibində insan sağlamlığına zərərli olan bakteriyalar aşkar edilib. Həmin bakteriyaların 50-ə yaxın növü var və hər biri insan sağlamlığında bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. Keyfiyyətli və mənşəyi bəlli olan dondurmaların alınması tövsiyyə olunur. Yaxşı olar ki, tərkibində bakteriya aşkarlanan dondurmalar satışdan geri çağrılsın, məhv edilsin və bu proses barədə əhaliyə məlumat verilsin. Həmçinin cərimə şərtləri də sərtləşdirilməlidir”.

~ Abbaszadə Fidan