Dondurma alarkən diqqət etməli olduğunuz məqamlar – MÜTƏXƏSSİS İZAH ETDİ

dondurma
0 Shares

“Dondurma əsas olaraq süd, yağ, şəkər və stabilizatordan ibarət bir qida maddəsidir. Dondurma istehsalında istifadə olunan maddələrin keyfiyyəti dondurma keyfiyyətinə təsir edir”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida mütəxəssisi Asim Vəliyev deyib.

Onun sözlərinə görə, dondurma isti yay günlərində sərinləşdirici olaraq kalsium, fosfor, A vitamini, B vitamini kimi vitamin və minerallarla zəngindir: “Ancaq şəkər və yağ tərkibinə görə dondurma seçərkən diqqətli olmalıyıq. Hər hansı bir sağlamlıq problemi olmayan, ideal çəkidə olan yeniyetmələr və uşaqlar həftədə 2-3 dəfə, 2-3 top dondurma yeyə bilər”.

Asim Vəliyev sözlərinə belə davam edib: “Təəssüf ki, bu gün bazarda açıq şəkildə satılan, tərkibi barədə heç bir məlumat əks etdirməyən dondurmalar satılır. Dondurma satan şəxsin heç bir sanitar-gigiyena qaydalarına əməl etməyərək başı açıq, xalatsız, əlcəksiz dondurma satması da sağlamlıq baxımından çox təhlükəlidir. Üstəlik də ucuz qiymətə, tərkibi mənşəyi bəlli olmayan yağlardan ibarət dondurmalar da satışa çıxarılır. Təbii süd məhsulunun tərkibində bitki yağı olmur. Əgər etiketdə tərkibində bitki yağı yazılıbsa, çox güman ki palma yağı qatılıb.

Dondurma seçərkən sadə və meyvəli olanı seçə bilərsiniz. Ərimiş dondurmanı təkrar dondurmamaq lazımdır. Üzərində buz və kristal hissələri əmələ gələn dondurmalardan da uzaq durmaq və son istifadə tarixinə diqqət etmək lazımdır. Qablaşdırması dağılmış dondurmaları da almamalıyıq. Tərkibində süd tozu, qlükoza siropu kimi qatqılar olan dondurmaları da faydasından çox zərəri var”.

Ayşən Vəli