“Dərinin cavan qalmasına, bioloji qocalmanın qarşısının alınmasına kömək olur”

Cavan qalmaq
0 Shares

“Acı bibər tərkibindəki bol C vitamini, rəngsiz və qoxusuz olan Kapsaisin maddəsi vardır ki, bu maddə orqanizmə fayda göstərir. Bibərdəki C vitamini sitrus meyvələrin tərkibindəki C vitaminindən ikiqat artıqdır. Antioksidant tərkiblidir, orqanizmi yığılan toksin maddələrdən təmizlənməsinə kömək olur”- bu sözləri Sağlam Qidalanma mütəxəssisi, Qida təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova QHT.az-a açıqlamasında bildirib.

O, qeyd edib ki, acı bibər qış aylarında, mövsüm dəyişikliklərində orqanizmin maddələr mübadiləsini balaslaşdırır, immun sistemini gücləndirir: “Kapsaisin maddəsi sayəsində beyindəki endofin, xoşbəxtlik hormonlarının çoxalmasına səbəb olur. Gün ərzində az qəbul etmək insanı fiziki və əqli cəhətdən inkişaf etməsinə, gümrah olmasına kömək olur”.

Sağlam Qidalanma mütəxəssisi həmçinin qeyd edib ki, bu bibər qan dövranını normallaşdırdığı üçün dərinin cavan qalmasına, bioloji qocalmanın qarşısının alınmasında da çox kömək olur: “Qan dövranını yaxşılaşdırmaqla ürək-damar xəstəliklərinin, damar tıxanıklığının qarşısını alır. Diabet xəstəliyi olan insanlarda qan dövranını normallaşdırması ilə bibərdən istifadə etmək xəstəliyin qarşısını alır. Orqanizmin qələvi-turşu balansını normallaşdırır ki, bu da revmatizma, onurğa beyni, sümük xəstəlikləri olan insanlara tövsiyyə olunur”.

Faydaları ilə yanaşı acı bibərin zərərlərinə də toxunan Məhsəti Hüseynova qeyd edib ki, həddindən artıq çox və ya acqarına istifadə olunduqda həzm sistemi orqanların hüceyrələrinin funksiyalarını, ağızda dad reseptorlarını pozur: “Çox C vitamin tərkibli olduğu üçün, orqanizmi C vitamini ilə zəhərlənməsinə səbəb ola bilər. Əgər bibər böyük ölçüdədirsə gün ərzində 1 və ya 1 yarı, kiçik ölçüdədirsə 3 ədəd istifadə oluna bilər. Təxminən 100 q acı bibərin kalorisi 39 q-dır”.