Bu qidalar parkinson, alzheimer xəstəliyinə yoluxma riski yaradır: MÜTƏXƏSSİS Məhsəti Hüseynovadan XƏBƏRDARLIQ

0 Shares

Nəfsimiz qeyri-mövsümü məhsul istəyərsə: Almağa və dadmağa dəyər yoxsa?..

Orqanizmə lazım olan vitamin və mineral balansını meyvə-tərəvəzlər daha çox təşkil edir. Meyvə-tərəvəzlər mövsümündə qəbul olunduqda tərkibindəki faydalılıq xüsusiyyətləri insan orqanizmi üçün yararlı olur. C və bir qrup vitaminlər var ki, bunlar suda həll olunan vitaminlərdir, təbii şəkildə yetişən meyvə-tərəvəzin tərkibində daha çox olur və orqanizm tərəfindən düzgün şəkildə tanınır, həzm olunur, sovrulur. Lakin bu gün mövsümündə olmayan meyvə-tərəvəzlər var ki, bunlar insan orqanizmi üçün müəyyən fəsadlar törədir. 

Bu fikirləri Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “İki sahil”ə özəl açıqlamasında vurğuladı.

XƏRÇƏNG yaradır!

Bunun əsas səbəbi qeyri-mövsümi məhsulların süni istilik verilərək, kimyəvi maddələrdən istifadə edərək yetişdirilməsidir. Eyni zamanda, bu müddətdə onları müəyyən zərərvericilərdən qorumaq üçün və daha məhsuldar olması üçün pestisidlərdən, herbisidlərdən qorumaq üçün  istifadə edirlər ki, məhz bunlar insan orqanizmində bir çox xəstəliklərə səbəb olur. Ən təhlükəlisi birinci  növbədə xərçəng yaratmasıdır. Bu kimyəvi maddələr insan orqanizmi tərəfinən tanınmadığı, sovrulmadığı üçün qaraciyərlərdə və böyrəklərdə yığılıb qalaraq, çatışmazlığa və daxili orqanların funksiyasının pozulmasına gətirib çıxarır. Belə məhsulları qəbul edən insanlarda mütəmadi olaraq başağrısı, ürəkbulanma baş verir. Xüsusilə də immun sistemi zəif,  insanlarda allergiyaya meyilli olan, bronxlarında astma və digər problemlər olan insanlarda daha kəskin reaksiya verir ki, bu da həm xəstəliyin kəskinləşməsinə, eyni zamanda da, immun sisteminin aşağı düşməsi səbəbi ilə bir çox xəstəliklərə yoluxmasına gətirib çıxarır. 

HƏZM sistemi pozulur!

Həmsöhbətimiz qeyd etdi ki, meyvə-tərəvəzlər liflərlə zəngindir. Bu liflər təbii şəkildə  yetişdirildikdə daha təbii olur və orqanizm tərəfindən, xüsusilə bağırsaq mikroflorasının qorunmasında, həzm sisteminin normallaşmasında ən önəmli rol oynayır. Amma, süni şəkildə yetişdirilən meyvə-tərəvəzlərdə isə bu daha çox orqanizmin həzm sistemin pozulması ilə nəticələnir. Ona görə yaxşı olar ki, kimyəvi üsulla, süni şəkildə yetişdirilən meyvə-tərəvəzlərdən istifadə olunmasın. 

Hamilə və südverən xanımlar EHTİYATLI OLUN!

Məhsəti Hüseynova nəfsi qeyri-mövsümi məhsullar çəkənlərə çağırış edərək bildirdi: “Daha çox hamilə və südverən xanımların nəfsi qeyri-mövsümi məhsullar çəkir. Onlar həm özlərinin, həm də körpələrinin sağlamlığını ikiqat düşünməlidirlər. Çünki saydığımız bütün bu zərərlər həm anaya, həm də körpəyədə çox zərərlərini vermiş olacaq. Təbii ki,  ayda, ildə bir dəfə bu məhsullardan istifadə edərkən bu zaman  orqanizmə zərəri olsa da, heç də təsirsiz ötüşmür. Amma gündəlik olaraq bu kimi məhsullarla qidalanan insanlarda artıq müəyyən xəstəliklərin başlanması özünü göstərir. Sadəcə olaraq belə məhsullardan istifadə edərkən mənfi təsirlərini anına deyil də, müəyyən zamanla ortaya çıxması insanların bəzən də aldadır və bu kimi məsələləri diqqətdən yayındırır.”

Meyvə-tərəvəzləri MÖVSÜMÜNDƏ YEYİN!

Mütəxəssis xüsusi olaraq diqqətə çatdırdı ki, qeyri-mövsümi məhsulları bəzən xaricdən, daha isti ölkələrdə yetişən meyvə-tərəvəzin həmin ölkələrdən gətirildiyini deyirlərsə burada da bir digər məqam var ki, bu meyvə-tərəvəzlərin uzun məsafə qət edə bilməsi üçün kal şəkildə dərilməsi, gec xarab olmasına görə həm tərkibinə, həm də üzərinə maddələrin əlavə edilməsi də onun faydalılıq xüsusiyyətini azaltmaqla yanaşı, eyni zamanda, insan orqanizmində təhlükəli xəstəlik olan xərçəngə səbəb olmasıdır. Bu kimi qidaları mütəmadi qəbul edən insanların mərkəzi beyin sisteminin funksiyası tamamilə sıradan çıxdığına görə, parkinson, alzheimer xəstəliyinə yoluxma riski də daha çoxalır. Yaxşı olar ki, insanlar meyvə-tərəvəzlərin təbii, yerli və mövsümi  olanlarından  istifadə etsinlər. 

Hüseynli Nərgiz