“Arıqlama çayları biznes maraqları çərçivəsində hazırlanan məhsullardır”-EKSPERT Məhsəti Hüseynova AÇIQLADI

0 Shares

Son zamanlar sosial şəbəkələrdə bir çox insanın arıqlama çayını reklam etdiyini görürük. Məlum məsələdir ki, onlar bunu müəyyən pul qarşılığında edirlər.

Bəs bu arıqlama çaylarının insan orqanizminə ziyanı nələrdir?

Mövzu ilə bağlı BiG.AZ-A qida məsələləri üzrə Qida təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova açıqlama verib.

O bildirib ki, arıqlama çayları biznes maraqları çərçivəsində hazırlanan məhsullardır. Bu çayların yaxşı satılması üçün istifadə olunan sirli cümlə isə onların bitki tərkibli olmasıdır.

“Bir məhsulun bitki mənşəli olması demək o demək deyil ki, o məhsul zərərsizdir, yaxud orqanizm üçün faydalıdır, çünki hər bir bitkinin müalicəvi xüsusiyyəti olması ilə yanaşı, müəyyən yan təsirləri də var.Əgər bitki mənşəli hər hansı çay insanları arıqladırsa, bu onun orqanizminin təbii prosesinə müdaxilə yolu ilə pozulması deməkdir. Bu çaylar insanlarda maddələr mübadiləsini sürətləndirir və süni şəkildə ishal, yaxud qusma halları yaradır ki, bu da mineralların, vitaminlərin orqanizmdən yuyulub getməsi deməkdir, eyni zamanda bu, bağırsaq mikroflorasının da pozulması ilə nəticələnir. Belə olan halda, insan orqanizmində immun çatışmazlığı baş verir ki, bu da avtoimmun xəstəliklərinin yaranmasına birmənalı şəkildə səbəb olur. Təyinatsız bu cür vasitələrdən istifadə olunursa, sonrada bu, daha ciddi fəsadlara yol açır.Sonradan həmin insanlarda vitamin çatışmazlığı, ciddi anoreksiya, saç tökülməsi, dırnaqların qırılması, dəridə səpkilərin yaranması, mədədə ağrılar, orqanizmin funksiyasının pozulması kimi ciddi problemlər yarana bilir. Mütləq şəkildə bu kimi məhsullardan uzaq durmaq lazımdır. Belə vasitələrdən xüsusilə gənc və ana olmamış xanımların istifadə etməsi çox təhlükəlidir. Bəzən gənc xanımlar bu vasitələrdən istifadə edir, bu isə daha təhlükəlidir. Ana olmadan öncə bu kimi çay və həblərdən istifadə olunursa, bu orqanizmin zədələnməsinə, gələcək uşaqların xəstəlikli doğulmasına səbəb olur. Digər bir məqam isə bu tip məhsulların reklam vasitəsilə daha çox satılmasıdır. Onların harda istehsal olunduğu, mənşəyi bilinmir. İstehsalçı şirkətin məlumatları göstərilmir. Bu məhsullardan istifadədən sonra xoşagəlməz hallarla qarşılaşan insanlar hara və kimə müraciət edəcəklərini bilmir. Fəsadlarla qarşılaşdıqdan sonra isə artıq gec olur”.

“Məhsulların satılması üçün daha çox blogerlərdən, müğənnilərdən, məşhur simalardan istifadə olunur. Bəzən əməliyyatla arıqlayan, yaxud estetik əməliyyat olunmuş tanınmış simalardan istifadə edərək insanları aldatmağa çalışırlar, bunun çay nəticəsində olduğunu iddia edirlər. Əgər bədən çəkimizi normada saxlamaq istəyiriksə, sağlam qidalanmamaıza, gündəlik həyat tərzimizə, yuxu rejimimizə və fiziki aktivliyimizə diqqət etməliyik. Yalnız bu yolla sağlam çəkini saxlamaq olar, digər vasitələr insan orqanizminin təbii prosesinə süni müdaxilə edir və mütləq şəkildə sonda fəsadlara səbəb olur. Bəzən insanlar tənbəllikdən bu kimi reklamlara aldanırlar. 1 ay ərzində birdən-birə 10-12 kiloqram arıqlamaq orqanizmdə əzələ itkisinə, eyni zamanda dəri sallanmasına səbəb olur ki, sonradan bunun qarşısını almaq olmur. Bitki tərkibli hər məhsula faydalı, orqanik məhsul kimi yanaşmaq lazım deyil. Bundan başqa həmin məhsulun həqiqətən bitki tərkibli olmasına dair nəzarət və keyfiyyət sertifikatları olmalıdır”.

  • Hüseynli Nərgiz