13 avqust 2023-cü ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Gənclərin Töhfəsi İctimai Birliyi, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyi, Azərbaycanın Rus Gəncləri Assosiasiyası İctimai Birliyi və Peşə Təhsilinin İnkişafına və Məşulluğa Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Samur-Yalama Milli Parkında “Təmiz Oyunlar” beynəlxalq ekokönüllülük layihəsi həyata keçirildi.
Tədbiri giriş sözü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova edərək ətraf mühitin qorunması sahəsində görülən işlər və layihə barədə geniş məlumat verdi. Daha sonra xidmətin Xüsusi Mühafizə olunan ərazilər şöbəsinin müdiri Elnur İbrahimov ekoloji maarifləndirmənin gənclər arasında təbliğinin böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Xidmətin əməkdaşı Turqut Əhmədov bu istiqamətdə müxtəlif səpkili layihələrin gənclərin iştirakı ilə davam etdiriləcəyini bildirdi.
Samur-Yalama Milli Parkının direktoru Aqşin Qurbanov milli parkı haqqında geniş məlumat verdi. Həmçinin “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev və “Azərbaycanın Rus Gəncləri Assosiasiyası” İctimai Birliyinin idarə heyətinin üzvü Şamira Danilova Azərbaycanda ilk dəfə həyata keçirilən “Təmiz Oyunlar” beynəlxalq ekokönüllülük layihəsi barədə geniş məlumat verdi. Daha sonra AR Fövqəladə Hallar Nazirliyinin əməkdaşı yanğından mühafizə və təhlükəsizlik barədə məlumat verdi. Peşə Təhsilinin İnkişafına və Məşulluğa Dəstək İctimai Birliyinin sədri Şahin Əliyev gənclərə layihə çərçivəsində keçiriləcək oyunda bütün iştirakçılara uğurlar arzu etdi.
Layihədə iştirak edən 60 iştirakçı komandalara bölünərək 1 saat ərzində yarışaraq milli park ərazisinin ətraf ərazilərində tullantılardan təmizlədilər. Yarış sonunda 500 kq müxtəlif ətraf mühit tullantısı toplanaraq müvafiq quruma təhvil verildi.
Yarış sonunda “Şuşalılar” komandası I yer, “Qoçaqlar” komandası II yer, “Xarıbülbül” komandası III yeri tutaraq diplomlar və müxtəlif hədiyyələrlə, digər komandaların üzvləri də aktivlik sertifikatları ilə təltif olundular.
Layihə ölkə ərazisində bir çox yerlərdə də davam etdiriləcəkdir.
EkologiyaGündəmLayihələrTədbirlər
Azərbaycanda ilk dəfə Samur-Yalama milli parkında “Təmiz Oyunlar” beynəlxalq ekokönüllülük layihəsi həyata keçirildi.
20 Avqust 2023417 Views