“Oruc tutan zaman su qəbuluna xüsusi diqqət etmək lazımdır” – MÜTƏXƏSSİS Məhsəti Hüseynova DANIŞDI

0 Shares

“Ramazan ayında oruc tutmağa niyyətli olan insanlar ilk növbədə sağlamlıq vəziyyətlərini yoxlatmalı, hər hansı problem olarsa, orucu həkimlərin məsləhəti ilə davam etdirməlidir. Təbii ki, yüksək risk qrupuna aid olan insanlar, hər hansı xəstəlik səbəbindən dərman qəbul edənlər, hamilələr və südverən anaların, yeniyetməlik dövründə olan uşaqlar mütəxəssis fikri olmadan oruc tutmamalıdırlar”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

O bildirib ki, mədəsində problemi olan şəxslər uzun müddət aclıq zamanı ağrılarla üzləşə bilərlər və bu zaman oruc tutmağı dayandırmaq lazımdır: “Oruc tutan zaman su qəbuluna xüsusi diqqət etmək lazımdır.

Yüksək kalorili, yağda qızardılmış, həddindən artıq duzlu qidalar, turşular mədədə ağrılara gətirib çıxarır. Mütləq yeməyi qəbul edərkən çox çeynəmək lazımdır. Çünki çeynəmədən qəbul olunan qidalar da mədədə ağrılara səbəb olur.

Eyni zamanda qarın bölgəsinin, mədənin üst hissəsinin daha isti saxlanılmasına diqqət etmək lazımdır. Çünki bəzən mövsüm dəyişikliyi və oruc tutan zaman mədə daha tez soyuqdəyməyə məruz qalır.

Həmçinin orucu açdıqdan, yemək yedikdən sonra uzanmaq düzgün deyil. Mütləq şəkildə yarım saat yerimək lazımdır ki, həzm prosesi daha yaxşı getsin”.

  • Hüseynli Nərgiz