Süd yuxu gətirir? – AÇIQLANDI

Sud
0 Shares

“Yuxusuzluq bir çox zehni, fiziki və psixoloji problemlərdən irəli gələn haldır. Dünyada ən çox yaşanan sağlamlıq problemlərindədir”. Bu sözləri SİA-ya açıqlamasında Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, araşdırmalar göstərir ki, hər 3 nəfərdən biri yuxusuzluq problem yaşayır: “Bu baxımdan da, bir çox insanlar rahat yuxuya gedə bilmək üçün müxtəlif üsullardan istifadə edir. Bəziləri duş alır, yüngül yoqa hərəkətləri edir, bəziləri də 1 stəkan süd içir.

Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, 2 yaşından sonra orqanizmimizdə südü həzm edən fermentlərin ifrazı dayanır. Bu, ana südü daxil olmaqla bütün südlərə aiddir. Bu yaşdan sonra süd, sadəcə, öz içindəki mikroblar və bağırsaqdakı bakteriyalar vasitəsi ilə həzm olunur”.

Asim Vəliyev sözlərinə belə davam edib: “Süddə yuxunu gətirən müxtəlif amin turşuları var. Molekulyar səviyyədə süddə olan triptofan yuxu gətirici xüsusiyyətə malikdir. Biz süd içərək, yumurta, hinduşka əti, balıq əti, yer fındığı kimi qida maddələri qəbul edərək triptofan qəbul etdikdə, orqanizmimiz yuxu gətirən hormonları ifraz edir. Bu baxımdan triptofanla zəngin qida maddələrini qəbul etmək rahat yuxuya getməyimizə kömək edə bilər. Ancaq sadəcə 1 stəkan süd içərək orqanizmin rahat yuxuya keçməsi üçün lazım olan triptofan miqdarını ala bilmərik”.

Ayşən Vəli