Tez xarab olan şirniyyatları necə saxlamaq lazımdır?

Şirniyyat
0 Shares

“Şirniyyatları uzun müddət xarab olmadan saxlamaq istəyiriksə, hazırlayarkən istifadə etdiyimiz bütün məhsulların təzə olmasına diqqət etməliyik”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, süd başda olmaqla, istifadə etdiyimiz hər hansı bir məhsul bayatdırsa, şirniyyatın ömrü qısa olar: “Şərbətli şirniyyatları 2-3 gün ərzində istifadə edəcəyiksə, quru və sərin yerdə saxlaya bilərik. Belə olduğu bir halda soyuducuya qoymağa ehtiyac yoxdur. Soyuducuya qoyduğumuz şərbətli şirniyyatın şəkərlənmə ehtimalı artacağı üçün hazırlayarkən şərbətinə mütləq limon suyu əlavə etməyi unutmamalıyıq. Südlü, ya da şərbətli olması fərq etmir, dondurucuya qoyacağımız hər şirniyyatı mütləq hava çəkməyən, içində hava qalmayan qablarda, bağlı paketlərdə, ya da soyuducu paketlərində saxlamalıyıq”.

Asim Vəlizadə sözlərinə belə davam edib: “Əgər şərbətli şirniyyatları şərbəti ilə birlikdə dondurucuya qoyacağıqsa, sini ilə deyil, servis edəcəyimiz porsiyalara görə bölərək dondurucuya qoymalıyıq. Dondurucudan çıxarılan hər hansı bir qidanı buzu açıldıqdan sonra yenidən dondurucuya qoymamalıyıq, üzərində bakteriyaların çoxalmasına şərait yaratmadan ən qısa müddətdə istehlak etməliyik. Əgər az da olsa şirniyyatımız dondurucu içində hava ilə təmas edərsə, xarab olma müddəti sürətlənir, yanında olan digər qidaların da qoxusu üzərinə çökə bilir.

Əgər hazırladığımız və bir müddət saxladığımız südlü şirniyyatın üzərində, ya da qaşıqla götürdüyünüz zaman içində ağ nöqtələr əmələ gəlməyə başlayıbsa, şirniyyat xarab olmağa başlayıb. Belə bir halda yemək yaxşı olmaz. Həmçinin, südlü şirniyyatımız soyuducuda olarkən sulanma olarsa, qatılığında pozulmalar, dadında az da olsa turşuma baş veribsə, xarab olub, yemək olmaz”.