Son illər market rəflərində və restoran menyularında müxtəlif rənglərdə – yaşıl, qırmızı, qara, narıncı və bənövşəyi makaronlara daha çox rast gəlinir. Görünüşü ilə diqqət çəkən bu məhsullar istehlakçılarda maraqla yanaşı, müəyyən suallar da yaradır. Rəngli makaronlar hansı üsulla hazırlanır?
Onların tərkibində istifadə olunan rənglər təbii mənşəlidir, yoxsa süni boyalardan istifadə olunur? Bu məhsulların müntəzəm istehlakı sağlamlıq üçün hər hansı risk yaradırmı?
Mövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, mən bildiyim qədər peçenye formasında olan, rəngbərəngliyi ilə diqqət çəkən bu məhsullar əslində klassik un məmulatı deyil. Onlar badam unu, yumurta ağı və şəkər tozu əsasında hazırlanan xüsusi fransız şirniyyatlarıdır. Onun sözlərinə görə, makaronların hazırlanma texnologiyası yüksək dəqiqlik tələb edən prosesdir: “Əsas xammal kimi üyüdülmüş badam, pudra şəkəri və çırpılmış yumurta ağından istifadə edilir. Xəmir xüsusi texnika ilə qarışdırılaraq səthində hamar qabıq yaranması üçün qurudulur və daha sonra bişirilir. Sağlamlıq baxımından narahatlıq doğuran bəzi məqamlar var. Qida sənayesində sintetik qida boyalarından istifadə edilir. Standartlara uyğun olmayan, limitdən artıq istifadə edilən sintetik boyalar xüsusilə uşaqlarda hiperaktivlik, allergik reaksiyalar və həzm sistemi pozuntuları yarada bilər. Məhsulun əsas tərkib hissəsini təşkil edən şəkər pudrası qan şəkərinin sürətlə yüksəlməsinə, insulin dirəncinə və uzunmüddətli perspektivdə metabolik problemlərə səbəb ola bilər. Həmçinin içliyində istifadə olunan kremlər yüksək miqdarda doymuş yağlar ehtiva edə bilər.
Badam unu da əsas allergen qrupuna aid olduğu üçün həssas insanlarda allergik reaksiyalar törədə bilər. Bu məhsulları aldığımız zaman etiketində e kodları və istifadə olunan boyaların mənşəyini incələməliyik. Həddindən artıq canlı, rəngli məhsulları almasaq yaxşı olar”.
- Fidan Abbaszadə





