Cəmi 2 gün sonra, martın 20-də xalqımız Novruz bayramını qeyd edəcək.
Yenicag.az xəbər verir ki, bayramla əlaqədar bazarlarda, mağazalarda və topdansatış mərkəzlərində ən çox tələbat duyulan məhsullar süni şəkildə bahalaşıb.
Sağlam qida təbliğatçısı Asim Vəliyev bahalaşmanın səbəbləri, bunun qarşısını almağın hüquqi yolları və sağlamlıq riskləri barədə vacib məsləhətlər verib:
“Novruz bayramı xalqımızın ən qədim milli adət-ənənəsidir. Bu günlərdə hər kəs evində süfrə açır, qohum-əqrəba bir araya gəlir. Lakin bəzi işbazlar bu fürsətdən istifadə edərək qiymətləri artırırlar. Çərəzlərin, meyvə-tərəvəzin, düyü və un məmulatlarının bahalaşması ailə büdcəsinə mənfi təsir edir. Bu prosesdə çox vaxt tələbatın təklifi üstələməsi bəhanə gətirilsə də, əslində süni qiymət artımı və inhisarçı meyillər də özünü göstərir. Azərbaycan qanunvericiliyi azad bazar iqtisadiyyatına əsaslansa da, istehlakçıların hüquqlarını qoruyan mexanizmlər mövcuddur. Məsələn, bir neçə satıcının gizli razılaşaraq qiyməti qaldırması “kartel sövdələşməsi” sayılır və ciddi cərimələr nəzərdə tutur. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu məsələlərlə bağlı mütəmadi monitorinqlər aparır.”
A. Vəliyev bəzi məhsulların keyfiyyətində yaranan ciddi problemlərə də diqqət çəkib:
“Qiymətlər kəskin qalxanda bazarda başqa bir təhlükə saxta və ya köhnə məhsulların dövriyyəyə buraxılması yaranır. Baha satılan qozun içinə ötən ildən qalan, kif göbələyi inkişaf etmiş məhsullar qarışdırıla bilər. Düzgün saxlanılmayan çərəzlərdə yaranan aflatoksinlər nəinki zəhərlənməyə, həm də uzunmüddətli dövrdə xərçəng riskinə səbəb olur.
- Fidan Abbaszadə





