Mövsümündən kənar satılan meyvələr alıcı üçcəlbedici görünsə də, onların mənşəyi və tərkibi ilə bağlı suallar doğurur.
Mövzu ilə bağlı qida eksperti Asim Vəliyev “İnformator.az”a açıqlama verib. O bildirib ki, az günəş işığı və istixana şəraiti bəzi yarpaqlı tərəvəzlərdə nitrat səviyyəsinin artmasına səbəb ola bilər:
“Mövsümi olmayan meyvə-tərəvəzin birbaşa təhlükəli olduğunu demək düzgün deyil. Mövsümi olmayan məhsullar ya istixanada yetişdirilir, ya da başqa ölkədən gətirilir. Uzun yol oluğundan xüsusi şəraitdə saxlanılır. Əsas riski odur ki, mövsümdənkənar tələbatı ödəmək üçün bəzən pestisidlərdən daha intensiv istifadə oluna bilər. Buna nəzarət var, amma tam qənaətbəxş deyil. Çox zaman mediadan öyrənilir ki, bəzi məhsullarda qalıqlar normadan yüksəkdir. Az günəş işığı və istixana şəraiti bəzi yarpaqlı tərəvəzlərdə nitrat səviyyəsinin artmasına səbəb ola bilər. Yol uzandıqca vitaminlərin bir hissəsi azalır. Məhsulun tez xarab olmaması üçün soyuducu zəncir, seçmə və sortlama, bəzən qoruyucu örtüklər kimi proseslər tətbiq olunur”.
Müsahib qeyd edib ki, mikrobioloji çirklənmə riski kəsilmiş, zədələnmiş və şirəsi axan məhsullarda daha yüksək olur:
“Mövsümi olmayan meyvə-tərəvəz seçərkən onun təzə və ya idxal məhsulu olduğunu, həmçinin mənşə ölkəsini soruşmaq vacibdir. Həmçinin etiket məlumatlarından izlənə bilən olmalıdır. Həddindən artıq parlaq, eyni ölçülü, qoxusuz meyvə bəzən uzun saxlanmanın əlaməti ola bilər. Xırda çatlar, əzik yerlər, yumşalmış sahələr mikroorqanizmlər üçün münbit şəraitdir. Onu suda yaxşı yumaq lazımdır. Yarpaqlı tərəvəzləri bir neçə dəfə suda çalxalamaq, sonra yumaq praktik üsuldur. Meyvənin qabığını soymaq səthdəki qalıqları bir qədər azalda bilər, eyni zamanda qida dəyəri də azala bilir. Dondurulmuş tərəvəzlər düzgün emal və saxlanma şəraitində keyfiyyətini uzun müddət qoruyur, çünki dondurma kimyəvi dəyişiklikləri ləngidir. Yəni ‘mövsümi deyil’ dedikdə yalnız təzə idxal məhsulu yox, həmçinin dondurulmuş və konservləşdirilmiş variantlar da nəzərdə tutula bilər.”
Mövzu barədə satıcı bildirib ki, qeyri-mövsümi meyvələr mövsümi meyvələrə görə qiymət baxımından bahadır:
“Bu meyvələrin satışı mövcuddur. Qiyməti mövsümi meyvələrdən fərqlənir, daha bahadır. Lakin alıcılar bu meyvələrədə üstünlük verir. Bəziləri kq ilə satılır, bəziləri isə ədədlə satılır. Ən baha olanı alçadır. Çiyələk, qarpız, şaftalı, alça və bu kimi meyvələrə üstünlük verilir. Əsasən, xəstə insanlar və hamilə qadınlar üçün alınır”.
Qeyri-mövsümi meyvələrdən istifadə edən Sadiq Səftərov bildirib ki, məhsulları alarkən keyfiyyətinə xüsusi diqqət yetirir:
“Qeyri mövsümi meyvələrdən istifadə edirəm, amma bunu mütəmadi deyil, daha çox ehtiyac olduqda edirəm. Mövsümi meyvələrə üstünlük verməyə çalışıram. Alarkən keyfiyyətinə xüsusi diqqət yetirirəm. Görünüşü, dadı və təzəliyi məni qane etmirsə, həmin məhsulu almıram”.
- Fidan Abbaszadə






