Qırmızı kələm turşusu, yoxsa rənglənmiş ağ kələm? – MÜTƏXƏSSİS Asim Vəliyevdən İZAH:

0 Shares

Son günlərdə nazarlarda satılan bəzi kələm turşularına süni boya qatıldığı ehtimalları üzə çıxıb. Hətta bəzən qırmızı kələm turşusu alıb, doğradıqdan sonra içinin ağ olduğunu görürük.

Bu süni boyaların insan orqanizminə hansı zərərləri var? Almadan öncə onun həqiqi qırmızı kələm turşusu, yoxsa süni boyalı olduğunu necə müəyyən edə bilərik?

Mövzu ilə bağlı sağlam qida təbliğatçısı Asim Vəliyev Patrul.az-a fikirlərini bildirib.

Onun sözlərinə görə, bazarlarda qırmızı kələm turşusu adı ilə satılan məhsulun içi ağ çıxanda çox vaxt iki ehtimal olur:

“Ya ümumiyyətlə adi ağ kələmdir, ya da rəngi qırmızı görünsün deyə sonradan rəngləndirilib. Bu hər satıcıda belədir demək deyil. Bir şeyi də unutmamalıyıq ki, kələmin turşuda qırmızıya çalması həmişə saxtakarlıq deyil. Rəng qırmızı kələm, çuğundur, bəzən də paprika kimi təbii komponentlərdən gələ bilir. Süni boyaların zərəri boyanın növündən asılıdır. Qida üçün icazəli rəngləndiricilər də var. Onlar normalda müəyyən hədlərdə istifadə olunur və əksər insan üçün ciddi problem yaratmır. Amma yenə də həssas adamlarda səpki, qaşınma, baş ağrısı kimi narahatlıqlar verə bilər”.

Mütəxəssis söyləyib ki, daha ciddi məsələ qida üçün nəzərdə tutulmayan, yəni qanunsuz sənaye boyalarıdır:

“Bunlar bəzən rəngi tünd və cəlbedici etmək üçün istifadə edilir. Bu tip boyalarda risk ondadır ki, qida üçün test olunmayıb. Tərkibi və dozası nəzarətsizdir. Uzun müddət belə məhsul qəbul etmək istənməyən sağlamlıq riskləri yarada bilər. Burada ən böyük problem bir dəfə yedim, dərhal zəhərləndim deyil. Nə yediyini bilməmək və məhsulun ümumilikdə etibarsız olmasıdır.

Ev şəraitində 100 faiz dəqiq yoxlamaq mümkün deyil. Sadəcə bəzi əlamətlər varsa, şübhələnə bilərik. Həqiqi qırmızı kələm yarpağı içəridən də bənövşəyi-qırmızı tonlarda olur. Saplağa yaxın yerlər bir az açıq ola bilər. Amma tam ağ kələm görüntüsü şübhəlidir. Təbii qırmızı kələmdə rəng yarpağın damarları ilə birlikdə toxumanın içində görünür. Sonradan boya veriləndə bəzən rəng həddən artıq bərabər, parlaq, ya da ləkə-ləkə ola bilər. Həmçinin qırmızı kələmin təbii rəngi turş mühitdə dəyişkən olur. Bəzən çəhrayı, bəzən bənövşəyi ton verir”.

  • Fidan Abbaszadə