Bayram günlərində hədiyyə qutuları və səbətlərinə tələbat artır, mağazalarda isə rəngarəng və cəlbedici məhsul dəstləri satışa çıxarılır. Xüsusən uşaqlar üçün cazibədar görünən bu qutuların içərisində müxtəlif şirniyyatlar, şokoladlar, biskvitlər, qazlı içkilər və bəzən də çərəzlər olur. Lakin bu hədiyyə paketlərinin arxasında dayanan qidalanma riskləri çox vaxt diqqətdən qaçır.
Bəs, görəsən, bu qidalar həqiqətən zərərlidirmi?
Məsələ ilə bağlı qida üzrə mütəxəssis Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, istər yeni il, istər Novruz bayramında artıq hədiyyə qutuları, səbətləri satışa çıxarılır:
“Qutuların içində əsasən müxtəlif şirniyyatlar, şokoladlar, biskvitlər, qazlı içkilər və bəzən də çərəzlər olur. Görünüş cəlbedici olduğu üçün uşaqlar daha çox meyl edir. Sağlamlıq baxımından diqqətli olmalıyıq. İlk problem bu qutularda olan məhsulların hər birinin istehsal və sonra istehlak tarixləri fərqlidir. Digər tərəfdən şokolad, konfet kimi məhsullar yüksək şəkər və yağ tərkibli olur. Bu cür qidalar qısa müddətdə enerji versə də, qan şəkərini sürətlə qaldırdığı üçün uzun müddətdə yorğunluq, çəki artımı və diş problemləri yarada bilər. Biskvit və vafli kimi un məmulatlarının qida dəyəri aşağıdır, lif və vitamin baxımından zəifdir. Buna görə də çox istehlak edildikdə sağlamlıq üçün əlavə fayda vermir. Qazlı içkilər isə hədiyyə bağlamalarının ən zərərli hissələrindən biridir. Şəkər miqdarı çox yüksəkdir və bədənə demək olar ki, heç bir qida dəyəri təqdim etmir. Bu qutulardakı ən sağlam məhsullar quru meyvələr və çərəzlərdir. Quru ərik, kişmiş, qoz, fındıq kimi məhsullar təbii vitamin, mineral və sağlam yağlarla zəngindir. Ən yaxşısı bu məhsulları tədricən, az miqdarda istehlak etməkdir. Şirin və qazlı içkilərin yerinə daha faydalı seçimlərə üstünlük vermək olar. Bu yanaşma həm bayramın dadını çıxarmağa, həm də sağlamlığı qorumağa kömək edir”.
- Fidan Abbaszadə






