Azərbaycan idxal ətində keyfiyyət və təhlükəsizlik necə təmin edilir? – Mütəxəssis Asim Vəliyev AÇIQLADI:

0 Shares

“Ölkəmizə idxal olunan ət həcmi artmaqda davam edir ki, bu da həm qiymətlərə, həm də ət qıtlığı ilə bağlı narahatlıqları artırır. Braziliya və Monqolustandan böyük həcmdə ət gətirilir. Bu vəziyyət istehlakçılarda qida təhlükəsizliyi ilə bağlı suallar doğurur, xüsusilə məhsulların uzun məsafədən gətirilməsi, saxlanma şəraiti və nəzarət proseslərinin etibarlılığı məsələlərində”.

Bunu BiG.AZ-a açıqlamasında Gənclərin Töhfəsi İctimai Birliyinin sədri və sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib.

O, qeyd edib ki, qida təhlükəsizliyi baxımından idxal olunan ətlərin keyfiyyətinə zəmanət bir neçə mərhələdə təmin edilir və bu proses beynəlxalq baytarlıq və sanitariya standartlarına uyğun həyata keçirilir:

“İlk mərhələ ətin mənşə ölkəsində başlayır. Braziliya və Monqolustandan Azərbaycana ixrac üçün yalnız xüsusi seçilmiş təsərrüfatlardan ət göndərilə bilər. Bu təsərrüfatlar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun sertifikatlaşdırılır. Heyvanların sağlamlıq statusu, kəsim müəssisələrinin baytarlıq standartlarına uyğunluğu, istifadə olunan texnologiya və sanitar şərait yoxlanılır. Azərbaycana gətirilən ətin böyük hissəsi həmçinin halal sertifikatlıdır.

İkinci mərhələdə əti uzun məsafə boyunca daşınması zamanı soyudulma zəncirinin qorunması əsas rol oynayır. Dondurulmuş ət -18°C və daha aşağı temperaturda daşınmalı, bu temperatur bütün yol boyu dəyişməz qalmalıdır. Nəqliyyat konteynerlərində temperatur tarixçəsi elektron şəkildə izlənir və ölkəyə girişdə tələb oluna bilər. Temperaturun pozulması məhsulun mikrobioloji riskini artırır və belə partiyalar geri qaytarıla bilər.

Ətin Azərbaycana daxil olması ilə üçüncü mərhələ—rəsmi dövlət nəzarəti başlayır. Qida Təhlükəsizliyi Agentliyi idxal olunan hər partiyanı sənədləşmə, fiziki baxış və laborator analizlərlə qiymətləndirir. Sənəd yoxlamasına mənşə sertifikatı, baytarlıq arayışı, halal sertifikat və daşınma temperatur qeydləri daxildir. Fiziki baxış zamanı qablaşdırmanın bütövlüyü, rəng, qoxu və yenidən dondurulma izləri yoxlanılır. Nümunələr götürülərək mikrobioloji, kimyəvi və fiziki-kimyəvi testlərdən keçirilir. Normalara uyğun olmayan məhsullar ölkəyə buraxılmır.

Nəzarət bununla bitmir: məhsul satışa çıxarıldıqdan sonra da monitorinq aparılır. Marketlərdən təsadüfi nümunələr götürülür, soyuducu kameraların temperaturu və saxlanma şəraiti yoxlanılır. Məhsulun izlənə bilməsi və keyfiyyətin qorunması davamlı şəkildə təmin edilir”.

  • Fidan Abbaszadə