Ölkədə marqarin istehsalı artıb – zərəri! – Ekspert Asim Vəliyevdən AÇIQLAMA:

0 Shares

Ekspert bu məhsullardan uzaq durmağa çağırdı

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 33 min 449,1 ton duru bitki yağları istehsal edilib. Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,7% azdır.

Hesabat dövründə Azərbaycanda həmçinin 41 min 403,4 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 1,3% çoxdur. Noyabrın 1-nə ölkədə 2 min 002,3 ton duru bitki yağı, 3 min 483,4 ton isə marqarin ehtiyatı yaranıb. Bunlar, illik müqayisədə müvafiq olaraq 31,8% və 22,2% azdır. Hesabat dövründə Azərbaycanda 4 milyard 191,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,5% çoxdur.

Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 23 milyon dollar dəyərində bitki və heyvan mənşəli yağlar ixrac edilib. Bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər ifadəsində 1,4% çoxdur. Hesabat dövründə bitki və heyvan mənşəli yağların ixracı Azərbaycanın ümumi ixracının 0,11%-ni təşkil edib.

Marqarin orqanizmimiz üçün olduqca təhlükəli hesab olunur. Lakin insanlar bəzi səbəblərdən onu alırlar. Kərə yağının bahalaşması istehlakçıların daha ucuz alternativlərə, xüsusilə duru bitki yağlarını və marqarini seçmələrinə səbəb olur.

Qida eksperti Asim Vəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Ölkəmizdə duru bitki yağları və marqarin istehsalı ilə bağlı son statistik məlumatlar göstərir ki, istehlak vərdişləri və qiymət fərqləri əhalinin yağ seçimlərinə də ciddi təsir edir. Kərə yağının qiymətində artım bir çox ailələri daha ucuz alternativlərə müraciət etməyə məcbur edir. Belə olduqda marqarin və müxtəlif bitki yağı qarışıqlarını alırlar. Marqarin təkcə qiymətə görə seçilməli deyil. Bu məhsulun sağlamlıq baxımından olduqca ciddi riskləri mövcuddur. Marqarin bitki yağlarının hidrogenləşdirilməsi yolu ilə əldə olunan süni yağ növüdür. Bu proses zamanı maye yağ bərk konsistensiyaya gətirilir. Məhz bu mərhələdə trans yağlar yaranır. Trans yağlar təbiətdə az miqdarda olur. Sənaye üsulu ilə hazırlanan marqarində səviyyə yüksək ola bilir. Trans yağların təhlükəsi ondan ibarətdir ki, onlar damarların daxili səthinə zərər vurur, iltihabı artırır, xolesterin balansını pozur və ürək-damar xəstəliklərinin yaranma riskini yüksəldir. Uzunmüddətli istehlak zamanı trans yağlar LDL dediyimiz pis xolesterin səviyyəsini artırır, HDL dediyimiz yaxşı xolesterin səviyyəsini azaldır, damarların elastikliyini zəiflədir, qan dövranını pozur, piylənmə və insulin müqavimətini gücləndirir”.

Ekspert əlavə edib ki, bəzi istehsalçılar son illər hidrogenləşdirilmiş yağların miqdarını azaltsalar da, marqarin hələ də təbii yağ deyil: 

“Onun istehsalında emal səviyyəsi çox yüksəkdir. Emal olunmuş yağlar orqanizmdə maddələr mübadiləsini poza, hormon balansına təsir edə, qaraciyərə əlavə yük yarada bilər. Həmçinin trans yağ azaldılsa da məhsulda stabilizatorlar, emulqatorlar və aromatizatorlar kimi qatqı maddələri qalır. Bizim bir istehlakçı olaraq yağlarla bağlı rast gəldiyimiz problemlərdən biri kərə yağının tərkibinə marqarin qatılması, marqarinin kərə yağı adı ilə satılmasıdır. İstehsalçı bunu xərcləri azaltmaq üçün edir. Belə hallarda istehlakçı həm aldadılır, həm də özünə xəbərsiz şəkildə trans yağ qəbul edir. Marqarin və trans yağlarla zəngin məhsullardan uzunmüddətli istifadə infarkt, insult riskini artırır, yüksək xolesterin və ateroskleroz yaradır, tip 2 diabet ehtimalını yüksəldir, qaraciyər piylənməsini sürətləndirir, mədəaltı vəzin yükünü artırır, bəzi xərçəng növləri ilə əlaqələndirilir. Bu hal qısa müddətdə hiss olunmur, amma illər keçdikcə yığılan təsir sağlamlıq üçün ciddi nəticələr ortaya çıxara bilir.

Yağ alarkən etiket məlumatlarına diqqət etməliyik. “Hidrogenləşdirilmiş yağ”, “qismən hidrogenləşdirilmiş yağ”, “marqarin komponenti” kimi ifadələr varsa, uzaq durmaq lazımdır. Təbii kərə yağı çox ucuz ola bilməz. Ucuz məhsulların çoxu qarışıq olur. Çox ağ, ətirsiz və ya plastik kimi bərk kərə yağları şübhəlidir. Təbii kərə yağı otaq temperaturunda yumşalır və 5-10 dəqiqəyə əriməyə başlayır. Marqarin isə uzun müddət bərk qala bilir. Tavada təmiz kərə yağı qızdırıldıqda köpüklənir və yüngül qoxu verir. Marqarin isə yanıq və kimyəvi qoxu buraxır”.

  • Fidan Abbaszadə