Yeni ildə süfrələri bəzəyən hinduşka ətinin inanılmaz faydaları: Həm simvolik məna daşıyır, həm də… Ekspert Asim Vəliyev AÇIQLADI:

0 Shares

“Yeni ildə süfrələrdə hinduşkanın yer alması bir çox ölkələrdə olduğu kimi bizdə də geniş yayılıb. Bu adətin həm tarixi kökləri, həm də simvolik mənası var. Əvvəllər hinduşka əsasən Avropada Milad günündə bişirilirdi. Daha sonra Amerika və digər ölkələrdə də Yeni il menyusuna daxil oldu. Zaman keçdikcə qlobal mədəniyyətin təsiri altında bu vərdiş Azərbaycana da keçdi. Hazırda bizdə də ailələr Yeni il gecəsində süfrəni daha zəngin göstərmək üçün tez-tez hinduşka hazırlayır. Televiziyada, reklamlarda və sosial şəbəkələrdə hinduşkanın təqdimatı artdıqca bu adət daha çox yayılıb”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında qida məsələləri üzrə ekspert Asim Vəliyev səsləndirib.

“Hinduşkanın seçilməsinin ən əsas səbəblərindən biri onun iri və doyumlu olmasıdır. Bir çox mədəniyyətlərdə bolluq və paylaşmaq uğurun, ruzi-bərəkətin göstəricisi sayılır. Bayram gecəsi süfrədə belə bir yeməyin mövcudluğu gələn ilin xeyirli olacağına işarə kimi qəbul edilir. Digər tərəfdən, hinduşka pəhriz quş ətidir. Yağlılığı azdır və ağır yemək hesab olunmur. Yeni il gecəsi insanlar adətən süfrə başında uzun müddət oturduqları üçün daha yüngül, amma zülal baxımından zəngin yeməklərə üstünlük verirlər. Bu baxımdan hinduşka həm sağlamlıq, həm də rahatlıq baxımından uyğun seçimdir”.

Ekspert qeyd edir ki, Azərbaycanda da artıq Yeni il süfrəsinin bol və rəngarəng hazırlanması adət halını alıb.

“Salatlar, şirniyyatlar, meyvələr və isti yeməklərlə yanaşı, hinduşka da əlavə olunur. Bu süfrəyə həm bayram görünüşü verir, həm də yeni ilin bolluqla başlaması kimi simvolik məna daşıyır”.

  • Fidan Abbaszadə